...

20 yanvar faciəsinin dünya səviyyəsində tanıdılması və onun heç bir zaman unudulmaması üçün səylərimizi əsirgəməməliyik – Azərbaycanın RF-dəki səfiri

Siyasət Materials 20 Yanvar 2009 21:30 (UTC +04:00)
20 yanvar faciəsinin dünya səviyyəsində tanıdılması və onun heç bir zaman unudulmaması üçün səylərimizi əsirgəməməliyik – Azərbaycanın RF-dəki səfiri

Rusiya, Moskva, 20 yanvar / Trend müxbir R.Ağayev / Bu gün biz faciəvi yanvar hadisələrinin 19-cu ildönümünü qeyd edirik. Lakin Azərbaycan xalqı 1990-cı ilin yanvarın 19-da 20-nə keçən gecə baş verənləri heç vaxt unutmaz. Biz səylərimizi əsirgəməməliyik ki, bu gün unudulmasın, xüsusən də bu, gənc nəslə aiddir. Bu faciəvi hadisə haqda çoxlu sayda kitab yazılıb, sənədli filmlər çəkilib. Ancaq bu, yetərli deyil və biz dünya ictimaiyyətinin diqqətinə həmin hadisələr haqda bütün gerçəklikləri çatdırmalıyıq, bununla da bu faciəni dünya səviyyəsində tanıtmağa nail olmalıyıq. Bu sözləri Azərbaycanın Moskvadakı səfirliyində yanvar hadisələri qurbanlarının xatirəsinə həsr olunan tədbirdə ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.

Bu gün Azərbaycanın Rusiyadakı səfirliyində 20 yanvar faciəsinin 19-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Foyedə qanlı faciənin qurbanlarının şəkillərini və adlarını əks etdirən stend yerləşdirilmişdir.

Şəhidlərin ruhu birdəqiqəlik sükutla yad edildikdən sonra Polad Bülbüloğlu tədbirə toplaşan Azərbaycan diasporunun nümayəndələri qarşısında çıxış edib. Onun sözlərinə görə, 20 yanvar Azərbaycan xalqının həyatında ən faciəvi günlərdən biridir və təsadüfi deyil ki, Azərbaycan tarixində bu gün məhz "Qara yanvar" kimi adlandırılır.

Səfir təəssüflənərək qeyd edib ki, bu vaxtadək "Qara yanvar" dünya mətbuatında faciə kimi dəyərlənidirilmir. "Son illərdə Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında çoxlu işlər görülüb. Azərbaycan diasporu bu faciə haqqında çoxlu sayda insanların bilgi alması üçün müxtəlif ölkələrdə aktiv fəaliyyət göstərir. Lakin görünür ki, bu, yetərli deyil. Biz səylərimizi daha da artırmalıyıq. Biz bir millət, bir xalq kimi elə etməliyik ki, dünya bu faciəni Azərbaycan xalqı qəbul etdiyi kimi qəbul etsin. Bu, hər bir azərbaycanlının vətəndaş borcudur", - deyə Bülbüloğlu bildirib.

Səfirin fikrincə, Azərbaycan xalqı heç vaxt 20 yanvar, 26 fevral, 31 mart kimi tariximizin faciəvi günlərini unutmamalıdır. O qeyd edib ki, yanvarın 19-dan 20-nə keçən gecə həyatını itirən insanlar heç bir günahı olmayan Bakı sakinləri idi. "Düşünürəm ki, Azərbaycan xalqı tarixinin faciəvi günlərindən artıq lazımi nəticələr çıxarıb. Əminəm ki, bunu unutmayaraq Azərbaycan xalqı inkişaf yolunda irəliləməkdə davam edəcək", - deyə o vurğulayıb.

Səfir həmçinin xatırladıb ki, 20 yanvar faciəsindən dərhal sonra xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək cəsarətli vətəndaş mövqeyini nümayiş etdirib və öz etirazını bildirib.

Tədbirin rəsmi hissəsindən sonra stend və Heydər Əliyevin barelyefi önünə əklil qoyulub. Ardınca səfirliyin konfrans-zalında 20 yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib. Mərasimdən sonra şəhidlərin ruhuna ehsan verilib.

Tədbirdə Azərbaycanın diaspor, habelə Rusiyanın gənclər təşkilatlarının nümayəndələri, eləcə də Moskvada akkreditə olunmuş diplomatik missiyalarının (Türkiyə, Ukrayna, Tanzaniya və digərləri) təmsilçiləri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti