Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir C.Babayeva/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) çərşənbə günü keçirilən iclasında müxalifət Milli İstiqlal Partiyasının "Milli İstiqlal" və Demokratiya Uğrunda İttifaqda təmsil olan partiyaların təsis etdiyi "Azərbaycan Xalq Cümhurriyəti" təşəbbüs qrupları qeydə alınmayıb.
"Milli İstiqlal" təşviqat qrupu cəmi 40 800 imza təqdim edib ki, bir qismi yoxlanarkən onlardan cəmi 3 617-si etibarlı sayılıb, - Trend -un məlumatına görə, iclasda MSK katibi Natiq Məmmədov deyib.
"Azərbaycan Xalq Cümhurriyəti" isə 43 490 imza təqdim edib. Bundan 11 550-si yoxlanarkən 7304-ü etibarlı sayılıb.
MSK bugünki iclasda digər müxalifət partiyalarının "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşviqat qruplarını qeydə alıb.
"Respublikaçılar" təşviqat qrupu 41 077 imza təqdim edib ki, bundan da 40 337-si etibarlı sayılıb. MSK katibinin sözlərinə görə, "Qarabağ və Respublika Uğrunda Hərəkat" isə 42 011 imza təqdim edib ki, bundan da 41430-u etbarlı sayılıb.
Bundan öncə referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş Cəmiyyəti", "Davamlı İnkişaf Naminə" və "Zəka" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıblar. "Abad kənd" və "Azad söz" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.
Bununla da qeydə alınan təşviqat qruplarının sayı doqquza çatıb.
Seçki Məcəlləsinə görə, hər bir qrupun təşviqat qrupu kimi qeydə alınması üçün ən azı 40 000 etibarlı imza təqdim edilməlidir.
Martın 18-də Azərbaycanda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçiriləcək.
Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas Qanuna dəyişikliklər edilib.
Dеmоkrаtiyа Uğrunda İttifаqı 2005-ci il parlamеnt seçkisindən sonra müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokratiya partiyaları yаrаdıb. 2008-ci il sеntyаbrın əvvəllərində Böyük Azərbаycаn, nоyаbr аyındа isə Хаlq pаrtiyаlаrı DUİ-yə üzv qəbul оlunub. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumudur.
"Respublikaçılar" təşviqat qrupunu Müsavat Partiyası yaradıb. "Qarabağ və Respublika Uğrunda Hərəkat"ı isə Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal, Müsavat, Ümid, Demokrat partiyaları və ictimai təşkilatlar yaradıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]