...

İsrail: sülh və müharibə arasında - Trend News-un icmalçısı

Siyasət Materials 23 Fevral 2009 10:53 (UTC +04:00)

Trend -un Yaxın Şərq redaksiyasının icmalçısı Ülviyyə Sadıxova

Fələstin-İsrail dialoqu dayandırıla bilər, amma bu sadəcə İsrailin Baş naziri postunu tutmağa daha çox şansa malik Benyamin Netanyahunun şəxsi baxışları üzündən yox, İsrail hökümətinin "sağ" və "sol" meylli olmasından asılı olacaq.

Netanyahunun siyasi rəqibləri Sipi Livni və Ehud Baraka birgə hökümət yaratmaq təklifi iflasa uğradı. Livni İsrail prezidenti Şimon Pereslə cümə günkü görüşündə "bizim can atdığımız məqsədlərə qarşı gedən hökümətdə piyada olmaq istəmirəm" deyə bildirib və müxalifətə çəkilmək qərarına gəlib.

Netanyahunun hakimiyyətə gəlməsi İsraildə regiondakı təhlükəsizliyin əsas problemi olan Fələstin-İsrail münaqişəsindəki sülh danışıqlarının iflası kimi qiymətləndirilir. Çünki Netanyahu vaxtilə İsrail qoşunlarının Qəzza Zolağından çıxarılması və HƏMAS üzvlərinə qarşı hərbi əməliyyatların dayandırılmasını tənqid atəşinə tutmuşdu.

"Kadima" hökümətini ölkədəki təhlükəsizliyi təmin etmək iqtidarında olmamasında günahlandırımış Netanyahunun HƏMAS-a qarşı müharibəyə münasibətini bir cümlə xarakterizə edə bilər: "HƏMAS-ı istənilən yolla məhv etmək lazımdır".

Danışıqların istənilən yolla davam etdirilməsinin tərəfdarı olan "Kadima"nın son beş ildəki mülayim siyasəti fonunda, Netanyahunun çıxışları "sülh prosesi üçün təhlükəli" görünür.

Ancaq burada HƏMAS-ın öhdəsindən gəlmək kimi fikir yalnız Netanyahunun şəxsi deyil, ümumilikdə İsrail əhalisinin istəyində təzahür olunur. Ola bilər ki, "Likud"un məhz bu mövqeyi Netanyahuya seçkilərdə qalib gəlmək və partiyaların çoxunun dəstəyini almaq imkanı verib. Baxmayaraq ki, "Likud" "Kadima"ya cəmi bir yer uduzub.

Son zamanlar İsrail mətbuatında əhalinin "sağ" əhval-ruhiyyəsi barədə informasiyalar daha sürəkli şəkildə yer almağa başlayıb ki, HƏMAS-ın İsrailin cənubunu tutduğu raket atəşləri bu durumu daha da ağırlaşdırır. Münaqişə zonasında məskunlaşan ölkə əhalisi atəşkəs haqda növbəti beynəlxalq razılaşmadan daha çox, təhlükəsizlik və hücumlardan qorunmaqda maraqlı olacaq. Qəzzadakı müharibə "Kadima"nın siyasi iflasına birinci addım sayıla bilər. Qəzzanın dinc əhalisi arasında çoxsaylı qurbanlara baxmayaraq, Olmert və Livni HƏMAS-ın regiondakı hərbi müqavimətini zəiflədə bilmədi.

Netanyahunun fələstinlilərə münasibətini mahiyyətsiz adlandırmaq olmaz. 1996-1999-cı illərdə Baş nazir postunda olduğu vaxtlarda o, Fələstin lideri Yasir Ərəfatla iki vacib sənəd imzalayıb: Qərb sahilinin 13 faizi - əsasən fələstinlilərin məskunlaşdığı İudeya və Samariya rayonlarının fələstinlilərə verilməsi haqda Vay Planşet müqaviləsi və şəhər ərazisinin 80 faizi üzərindəki nəzarəti fələstinlilərə verən Xevron razılaşması.

Ovaxtkı İsrail hökümətinin tənqidlərinə baxmayaraq, Netanyahu İsrail qoşunlarının Qərb sahilindəki dislokasiyasını və bəzi ərazilərin fələstinlilərə verilməsini regiondakı terrorun aradan qaldırılması üçün ən yaxşı addım hesab edib.

Livni, Fələstin əhalisinin dəstəyini qazanmaq üçün "İsrail Fələstinlə sülh əldə etmək üçün bəzi ərazi güzəştlərinə getməli və bəzi rayonları geri qaytarmalıdır" bəyanatını verərək analoji prinsipdən yararlanıb. Amma o ərazilərin adlarını dəqiqləşdirməyib - söhbətin Qərb sahilindən, yoxsa Qəzza Zolağından getdiyi bilinməyib. Amma bu Livninin durumunu ancaq ağırlaşdırdı. HƏMAS-ın siyasi və hərbi gücünün artmasını nəzərə alaraq, israillilər əlavə ərazilərin verilməsini HƏMAS-ın ölkənin cənubuna raket zərbələri üçün əlavə meydan kimi dəyərləndirir.

HƏMAS-ın İsrailin maraqlarının ziyanına siyasi güclənməsini Netanyahu hələ 2005-ci ildə, İsrail qoşunlarının Qəzza Zolağından çıxarılmasına cavab olaraq ölkənin maliyyə naziri postundan istefa verməklə görmüşdü. Bir il sonra HƏMAS Fələstindəki siyasi seçkilərdə qələbə qazandı, bir müddət sonra isə mülayim FƏTH təşkilatını anklavdan qovdu. Belədə İsrail və HƏMAS arasındakı münaqişə daha da gərginləşdi və 2008-ci ilin dekabrındakı yeni müharibəyə çevrildi.

"Likud" lideri Fələstin dövlətinin yaradılması fikrinə bədbin münasibət göstərərək, fələstinlilərin maraqlarına cavab verməyən "iqtisadi həll" haqda daha çox danışmağa üstünlük verib. Siyasi nüfuzda öz rəqibləri HƏMAS-a uduzan Mahmud Abbas höküməti, muxtariyyətdə bir ildən sonra prezident seçkiləri olacağını nəzərə alaraq dialoqu hansısa formada irəlilətmək niyyətindədir. Ona görə də "bəzi problemlərin iqtisadi həlli" Abbas üçün yalnız vaxt uzatmaq olacaq və sülh prosesini irəli aparmayacaq.

Ancaq Netanyahunun, ona yeni höküməti formalaşdırmaq üçün ayrılan altı həftə ərzində İsrail tamamilə "sağ"laşsa, fələstinlilərlə danışıqlardakı mövqeyi də pisləşə bilər.

Aviqdor Libermanın "İsrail - bizim evimiz" partiyası və ŞAS kimi başqa dini partiyalar bütün silahlı qruplaşmalar məhv olunmayana və İordan çayı sahilindəki yəhudi məskunlaşmaları problemi həll olunmayana qədər fələstinlilərlə danışıqlara getməkdə heç bir mahiyyət görmür. Libermanın partiyası Knessetdəki yerlərin sayına görə üçüncü olub və onlar Baş nazir postunu tutmaqda Netanyahunun namizədliyini dəstəkləyib. Ona görə də ölkənin müdafiə qurumuna başçılıq etməsi gözlənilən Libermanın İsrailin daxili siyasətinə təsir edəcəyi gözlənilir.

Netanyahu höküməti formalaşdırıb ona başçılıq edə bilsə, İsrailin Avropa və ABŞ tərəfindən təcrid olunması ehtimalı böyükdür. İsrailin ABŞ-ın regiondakı əsas strateji tərəfdaşı olmasına baxmayaraq, Barak Obama administrasiyası Fələstin-İsrail dialoqunun davam etdirilməsinin tərəfdarıdır. Ancaq siyasi koalisiyanın mövqeyi bununla təzad təşkil edir.

Qəzzadakı müharibədən sonra Türkiyə ilə münasibıtlərin pisləşməsi İsrailin regiondakı mövqeyinin zəifləməsinə gətirib çıxarıb. Çünki Türkiyə Tel-Əvivlə hərbi tərəfdaşlıq edən yeganə müsəlman ölkəsi idi.

Ona görə də istisna edilmir ki, Netanyahu İsrailin gələcək hökümətinin heyətinə yenidən baxacaq. O bunu regionda Vaşinqton və Avropanın dəstəyi ilə qazanılmış siyasi və hərbi hakimiyyətini itirməmək üçün edəcək.

Xəbər lenti

Xəbər lenti