...

Astanada günorta saatlarınadək Azərbaycan vətəndaşlarının 20 faizi səs verib

Siyasət Materials 18 Mart 2009 10:59 (UTC +04:00)

Qazaxıstan, Astana, 18 mart / Trend , müxbir K.Arınova /

Bu gün Astanada yerli vaxt ilə günorta saatlarınadək seçicilərin 20 faizi səs verib. Bu barədə Astanada Trend -un xüsusi müxbirinə Azərbaycanın bu ölkədəki səfirliyindən bildiriblər.  

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

"Qazaxıstanda iki seçki məntəqəsi açılıb. Biri Astanada, Azərbaycan səfirliyinin binasında, digəri isə səfirliyin Aktau şəhərində yerləşən Baş konsulluğuda", - deyə Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov bildirib.

Onun sözlərinə görə, referenduma hazırlıq çərçivəsində Qazaxıstanda müvəqqəti yaşayan vətəndaşların siyahısı tərtib olunub və seçki hüququ olan vətəndaşların konsul qeydiyyatı aparılıb.

"Astanada ümumilikdə 745, Aktauda isə 352 nəfər qeydiyyatdan keçib", - deyə Qəndilov bildirib.

Onun məlumatına görə, Astanada səsvermə yerli vaxtla səhər saat 08:00-da başlanıb və səhər saat 10:00-a olan məlumata görə, seçicilərin 12 faizi və ya 89 nəfəri səsvermədə iştirak edib.

"Aktauda iki saat fərq olduğundan seçki məntəqəsi yenicə açılıb və burada Astana vaxtı ilə səhər saat 10:00 üçün (yerli vaxtla 8:00) dörd nəfər səs verib", - deyə səfir bildirib.

O qeyd edib ki, səfirlikdə referendumun keçirilməsi üzrə seçki komissiyası yaradılıb və referendumun yüksək səviyyədə keçirilməsi üçün lazımi tədbirlər görülüb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Referendum günü vətəndaşlar saat 08:00-dan 19:00-dək səfirliklərdə açılmış seçki məntəqələrində səs verə bilərlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti