...

Federasiya Haaqa məhkəməsinin Sudan prezidentinə çıxardığı qərarı dəstəkləyir-Beynəlxalq İnsan Haqları Federasiyasının vitse-prezidenti (MÜSAHİBƏ)

Siyasət Materials 2 Aprel 2009 08:55 (UTC +04:00)
Federasiya Haaqa məhkəməsinin Sudan prezidentinə çıxardığı qərarı dəstəkləyir-Beynəlxalq İnsan Haqları Federasiyasının vitse-prezidenti (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir D.Xatınoğlu /

Trend -un Fars redaksiyasının Beynəlxalq İnsan Haqları Federasiyasının (International Federation of Human Rights - FIDH) vitse-prezidenti Əbdolkərim Lahici ilə eksklüziv müsahibəsi

- Beynəlxalq Haaqa Məhkəməsinin Sudan prezidentinə qarşı çıxardığı məsuliyyətə cəlbetmə haqda qərara baxmayaraq, indiyədək prezident Ömər əl-Bəşir dörd xarici ölkəyə səfər edib. Haaqa qərarının ölkələr tərəfindən icrası nə dərəcədə icbaridir?

- Haaqanın əl-Bəşir haqda çıxardığı qərarı ölkələr icra etmək məcburiyyətində hələki deyillər. Digər tərəfdən, on il bundan əvvəl Haaqa Məhkəməsinin Əsasnaməsi təsdiq olunan zaman, həmin sənədi bütün ölkələr imzalamayıb. O cümlədən, əl-Bəşirin indiyədək səfər etdiyi Eritrə, Misir, Qətər və Etyopiya.

- Haaqa Məhkəməsi Darfurda 300 min nəfərin ölümü ilə nəticələnən 5 illik daxili müharibədə əl-Bəşiri "hərbi cinayət" törətməkdə ittiham edib. Siyasi amillərin bu qərara təsirini necə dəyərləndirirsiniz?

- Artıq siyasi və iqtisadi amillərin təsiri görünür. Yəni, çox ölkə siyasi-iqtisadi mənafeyindən çıxış edərək bu qərara qarşı çıxıb. Məsələn, Çin və İran Sudana silah satmaqda birinci və ikinci yeri tuturlar. Yaxud Sudanın cənubunda Çinin neft şirkətləri fəaliyyət göstərir. Buna görə, hər iki ölkə əl-Bəşirlə bağlı çıxarılan qərarın əleyhinə çıxış edib.

- Lakin ərəb ölkələri rəhbərlərinin əksəriyyəti də bu qərara qarşı çıxış ediblər.

- BMT və digər beynəlxalq təşkilatların insan haqları ilə bağlı yaydığı məruzələrə fikir versək, ərəb ölkələri rəhbərlərinin nə dərəcədə insan haqlarını pozmalarını aydın görərik. Haaqa Məhkəməsi ilk dəfədir ki, hakimiyydə olan birinə qarşı məsuliyyətə cəlbetmə haqda hökm çıxarır. Ərəb ölkələri rəhbərləri narahatdırlar ki, Haaqa növbəti dəfə onların da haqqında oxşar qərar çıxara bilər. Məsələn, Haaqa tezliklə, Livanın sabiq Baş naziri Rəfiq Həririnin qətli ilə bağlı araşdırma-istintaq işlərinə başlayacaq. Bu qətldə əsas ittihamlar Suriya rəhbərlərinə yönədilib. İran, Çin və ərəb ölkələri rəhbərlərini də insan haqlarının pozulmasında ittiham etmək olar və hər zaman onların da haqqında məsuliyyətə cəlbetmə haqda hökm çıxarılma təhlükəsi var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti