...

İranda söz azadlığı və özəl telekanal üçün ümid var, lakin şərait yoxdur

Siyasət Materials 8 Aprel 2009 09:03 (UTC +04:00)
İranda söz azadlığı və özəl telekanal üçün ümid var, lakin şərait yoxdur

Azərbaycan, Bakı, 07 aprel / Trend , müxbir D.Xatınoğlu / İranda söz azadlığı sahəsində vəziyyətin yaxşılaşdırılması və özəl telekanalların yaradılması ölkədə ictimai dialoqun təşkil olunmasına xidmət edəcək, lakin hazırki şəraitdə bunun həyata keçirilmə ehtimalı azdır.

Prezident seçkilərinə namizəd, sabiq baş nazir Mir Hüseyn Musəvi martın 6-da keçirdiyi ilk press konfrans zamanı konstitusiyanın özəlləşdirmə üzrə 44-cü bəndini vurğulayaraq, özəl telekanallar yaradacağını və qanun çərçivəsində söz azadlığına şərait yaradacağını platformasında vəd edib.

İnsan haqları müdafiəçilərinin son dörd ildə yaydığı hesabatda İranda söz azadlığına qoyulan məhdudiyyətlərin çoxalması qeyd olunub.

Azad media və insan haqları üzrə fəalların fikrincə, mətbuata qoyulan məhdudiyyətlərin aradan qaldırılması, İran xalqı və hakimiyyəti arasında konsruktiv dialoqun yaradılmasına şərait yarada bilər.

"Musəvinin platformasında "söz azadlığı"na şəraitin yaradılacağı ümidvericidir. Bütün İran xalqı açıq fikir mübadiləsi və ictimai dialoqdan faydalanacaq və iranlıların çoxu belə dialoqu dəstəkləyir", - deyə Avstriyada fəaliyyət göstərən Beynəlxalq Mətbuat İnstitututun üzvü Timoti Spenser Trend -a bildirib.

Sərhədsiz Reportyorlar Təşkilatının (SRT) hesabatına görə, son dörd ildə (Mahmud Əhmədinejadın prezidentliyi dövründə) İranda 200-dən çox mətbuatın fəaliyyəti dayandırılıb, 200 jurnalist həbs olunub və 5 milyon internet saytı hakimiyyət tərəfindən ləğv olunub.

Ekspertlər söz azadlığı və özəl telekanalların yaradılmasını qanunvericiliklə deyil, hakimiyyətin yürütdüyü siyasətlə bağlı olduğunu bildirirlər.

İran Jurnalistlər Fondunun baş katibi Əli Məzruinin fikrincə, İranda hazırda mətbuat və söz azadlıqlarının vəziyyəti bir o qədər də ürəkaçan deyil.

"Bu məsələnin konstitusiya və qanuna aidiyyatı yoxdur, bilavasitə Mətbuata Nəzarət Şurası və hökumətdən asılıdır" - deyə Məzrui çərşənbə axşamı telefonla Trend -a bildirib.

O, özəl telekanalların yaradılması ilə bağlı bildirib ki, 44-cü maddədə iqtisadi layihələrin özəlləşdirilməsi qeyd olunub, lakin həmin maddədə yeni bir dəyişiklik və ya əlavə ilə telekanalların özəlləşdirilməsinə də imkan yaratmaq olar.

İranda konstitusiyanin hansısa bir maddəsinə dəyişiklik və ya əlavəni ali dini rəhbər və Məsləhət Şurası təsdiq etməlidir.

Hüquq müdafiəçilərinin fikrincə, hazırki şəraitdə söz azadlığına nail olma ehtimalı azdır.

Spenserin fikrincə, özəl telekanalın yaradılması üçün birinci növbədə jurnalistlərin azadlıqları daha da genişləndirilməlidir, lakin hazırki vəziyyətdə belə bir atmosfer yoxdur və hökumət söz azadlığını istəmir.

İranın sabiq baş naziri seçkilərdə qələbə qazanarsa, dövlət organlarında olan çatışmazlığı aradan qaldırmağa və azad informasiya sisteminin yaradılmasına çalışacağına söz verib.

Musəvi əlavə edib ki, konstitusiyada icazə verilmiş azadlıqları həyata keçirməyin ölkənin gələcəyi naminə gərəkli olduğunu düşünürəm. "Konstitusiya çərçivəsində söz azadlığı və mətbuat azadlığına icazə verilməlidir", - deyə Musəvi əlavə edib.

SRT-nin İran bürosunun rəhbəri Rza Moini Trend -a bildirib ki, Musəvi mətbuat azadlığını təmin etməsi vədini necə həyata keçirəcəyini də tam açıqlamalıdır. "Mətbuat qanunvericiylində dəyişiklilər olacaqmı, söz azadlığına dair beynəlxalq qanunlara zidd olan maddələr çıxarılacaqmı, yoxsa necə?", - o bildirib.

Beynəlxalq Mətbuat İnstitutunun 2008-ci ildə yaydığı hesabata əsasən, İranda "milli təhlükəsizlik" adı altında mətbuata təzyiqlər artıb. "Tənqid edən jurnalistlər, yazarlar, xüsusi ilə də ölkədəki kürd və Azərbaycan əsillilər "milli təhlükəsizliyi" pozmaqda, hökumətə qarşı təxribat törətməkdə ittiham olunurlar.

Moini, misal üçün, keçən həftə həbsxanada dünyasını dəyişmiş yazar Ümidrza Mirfəyyazini göstərərək bildirib ki, nə Musəvi, nə də digər namizədlər belə bir hadisəyə reaksiya verməyib.

SRT-nin üzvu özəl telekanal, qəzet və mətbuatla bağlı bildirib ki, özəlləşdirilmə aparılsa belə, bunun beynəlxalq insan haqları konvensiyasının 19-cu bəndinə əsasən aparılacağı, yoxsa hökumətin istədiyi kimi həyata keçirələcəyi məlum deyil.
Məqalənin yazılmasında D.İbrahimova və T.Cəfərov iştirak edib.

Xəbər lenti

Xəbər lenti