...

Ermənistanla sərhədlərin açılmaması üçün hakimiyyətə hər cür təzyiq göstəririk - türkiyəli deputat

Siyasət Materials 11 Aprel 2009 11:13 (UTC +04:00)
Ermənistanla sərhədlərin açılmaması üçün hakimiyyətə hər cür təzyiq göstəririk - türkiyəli deputat

Azərbaycan, Bakı, 11 aprel / Trend , müxbir R.Hafizoğlu /

Cümhuriyyət Xalq Partiyası (CXP) Türkiyə-Ermənistan sərhədlərinin açılmasının qəti əleyhinədir.

"Cümhuriyyət Xalq Partiyası sərhədlərin açılmaması üçün hakimiyyətə hər cür təzyiq göstərir. Ermənistan qoşunları Azərbaycan torpaqlarından çıxartmasa, işğalçı siyasətindən əl çəkməsə, sərhədlərin açılmasına imkan verməyəcəyik və bunun qəti əleyhinəyik", - şənbə günü Ankaradan Trend -a telefonla CXP-dən olan deputat Onur Öymən deyib.

Trend -un arayışı: Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Öymən deyib ki, ABŞ və Avropanın istəyi ilə həyata keçirilən bu addıma qarşı müqavimət göstərmək lazımdır.

"Sərhədlərin açılmasının Türkiyəyə heç bir faydası yoxdur ", - deyə Öymən əlavə edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti