...

Bakıdakı tikinti şirkətinin rəhbərləri barəsində həbs qərarı çıxarılıb

Siyasət Materials 15 Aprel 2009 11:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Bakıdakı tikintidə yıxılaraq həlak olan fəhlənin ölümü ilə bağlı tikinti şirkətinin rəhbərliyi barəsində həbs qətimkan tədbiri seçilib.

Nəsimi rayon prokurorluğundan çərşənbə günü Trend -a verilən məlumata görə, "Tac-Mahal" tikinti şirkətinin direktoru Ruslan Əkbərov və icraçı direktoru Ağasəf Abdulrəhmanov barəsində 3 aylıq həbs qərarı çıxarılıb.

Şəkinin Kiş kəndinin sakini Xanlar Mustafayev  aprelin 9-da Moskva prospektində tikilən binaların birindəki liftin şaxtasına yıxılaraq ağır kəllə beyin travması alıb və Tibbi Klinik Mərkəzə çatdırılıb. Aprelin 13-də isə Mustafayev xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin əmək mühafizəsi qaydalarını pozma (162.1) və təhlükədə qoyma (143) maddələri ilə prokurorluqda başlanmış cinayət işi başqa maddələrlə tövsif olunub.

Prokurorluqdan bildirilib ki, Əkbərov tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda (222.3) və təhlükədə qoyma (143) maddələri ilə, Abdulrəhmanov isə 222.3-cü maddə ilə təqsirləndirlən şəxs qismində məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin rəsmi məlumatında Mustafayevin inşa olunan binanın yaxınlığındakı zibillikdən tapıldığı bildirilir.

Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib ki, ötən il tikintidə 54 ölüm hadisəsi ilə bağlı cəmi 5 cinayət işi açılıb. Onlardan 4-nə məhkəmədə xitam verilib, bir iş üzrə isə cərimə tətbiq edilib.

 

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti