...

Əhmədinejadın "Durban 2" iclasındakı çıxışı İranın milli mənafeyinə ziddir - İranın sabiq XİN rəhbəri

Siyasət Materials 21 Aprel 2009 14:39 (UTC +04:00)
Əhmədinejadın "Durban 2" iclasındakı çıxışı İranın milli mənafeyinə ziddir - İranın sabiq XİN rəhbəri

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir D.Xatınoğlu /  

İran Prezidenti Mahmud Əhmədinejadın Cenevrədə keçirilən "Durban 2" irqçilik əleyhinə konfransında İsrail əleyhinə olan çıxışının iclasda iştirak edən 40 ölkə nümayəndəsi və diplomatının reaksiyasına səbəb olması, İranın milli mənafeyinə və beynəlxalq aləmdəki imicinə xoş təsir göstərməyəcək.

BMT-nin irqçilik əleyhinə "Durban 2" konfransı aprelin 20-də Cenevrədə keçirilib. İran Prezidenti Əhmədinejadın iclasdakı çıxışı BMT Baş katibi, Qərb ölkəri başçıları və İsrail rəsmilərinin etirazına səbəb olub.

BBC-nin məlumatına əsasən, Əhmədinejad "qalmaqallı" çıxışında İsrail hökumətini irqçi və saxta dövlət adlandırıb: "Xolokost bəhanəsi ilə hücum edərək bir xalqı (Fələstin xalqını) didərgin edib, ABŞ, Avropa və digər ölkələrdən həmin regiona camaatı gətirərək saxta dövlət qurublar".

"Əhmədinejadın çıxışının İranın milli mənafeyinə heç bir faydası yoxdur və ümumiyyətlə, bu mövqe konstruktiv deyil", - deyə İranın sabiq Ali Dini rəhbəri İmam Xomeyninin müşaviri İbrahim Yəzdi (Ebrahim Yazdi) Trend -a bildirib.

Ağ Ev Əhmədinejadın sözlərini tənqid edərək onu "nifrət dolu çıxış" adlandırıb.

Konfransda iştirak edən Avropa İttifaqına üzv 23 ölkənin nümayəndələri, o cümlədən -nin hazırki sədri olan Çexiyanın nümayəndəsi də Əhmədinejadın bu çıxışına etiraz edərək konfransı tərk ediblər.

Yəzdinin fikrincə, hər bir ölkənin xarici siyasəti həmin ölkənin milli təhlükəsizlik və mənafeyinə uyğun aparılır. "Beynəlxalq əlaqələrdə dost və ya düşmən anlamı yoxdur. Beynəlxalq əlaqələr həmişə dəyişməkdədir. Bu baxımdan hər bir dövlət öz milli mənafeyini siyasi dəyişikliklər və beynəlxalq hadisələrə uyğun təyin etməlidir. Hazırda əsas sual budur: İran Prezidenti Mahmud Əhmədinejadın "Durban 2" konfransındakı çıxışı İranın milli mənafeyi təsir dəcək, ya yox?", - deyə İranın sabiq xarici işlər naziri İbrahim Yəzdi bildirib.

Yəzdi əlavə edib ki, ABŞ-ın yeni hökuməti İrana şərtsiz müzakirələr aparmaq təkilif etdiyi bir vaxtda, İran dövləti bu təklifi alqışlamalı, İran və ABŞ münasibətlərinin yaxşılaşmasını istəməyən güclərin əlinə bəhanə verməməlidir.

ABŞ Prezidenti Barak Obama hazırda İranla şərtsiz müzakirələr etməyə hazır olduğunu bildirib. Bu fürsət İran və ABŞ arasında 30 illik kəsilmiş əlaqələrdən sonra yaranıb. Yəzdinin fikrincə, ABŞ-da olan İsrail lobbisi bu çıxışı bəhanə gətirərək ABŞ-ın İranla müzakirələrinə təsir göstərməyə çalışacaq.

ABŞ, İsrail və bəzi Qərb ölkələri Əhmədinejadın Cenevrədə keçirilən konfransda iştirakı hələ dəqiqləşmədən öncə konfransı boykot etmişdilər. Onlar həmin iclasda iştirak etməyəcəklərini bildirmişdilər.

"Əhmədinejadın çıxışı və konfrans iştirakçılarının zalı tərk etməsi ABŞ və İsrailin konfransı boykot etmələrinə haqq qazandıracaq. Bu səbəbdən fikrimcə, Əhmədinejadın "Durban 2"dəki çıxışı İranın milli mənafeyinə ziddir", - deyə İran Azadlıq Hərəkatının ("Nehzət-e Azadi") lideri Yəzdi telefonla bildirib.

Yəzdinin fikrincə, İsrail və Fələstin problemi ilk növbədə ərəblərin iştirakı ilə həll olunmalıdır. 

"Konfransda iştirak edən bəzi nümayəndələr Əhmədinejadın sözlərini alqışladılar, lakin konfransda iştirak edən ərəb ölkələri nümayəndələrinin İsrailə qarşı etirazlarının həqiqiliyinə o zaman inanmaq olar ki, onlar heç olmasa simvolik olaraq neft satışını dayandırsınlar", - deyə Yəzdi bildirib.

Yəzdi deyib ki, ərəblər 1967-ci il müharibəsi zamanı Fələstinin işğal olunmuş ərazisinin boşaldılmasına dair BMT-nin 242-ci qətnaməsinə səs veriblər və bildiriblər ki, ərazi tərk edilərsə, İsrail dövlətini rəsmən tanıyacaqlar. Səudiyyə Ərəbistanı kralı Məlik Abdullah söz vermişdi ki, işğal olunmuş ərazilərdən çıxarsa, İsrailə 10 milyard dollar verməyə hazırdır. Həmin məbləğ yəhudi şəhərciklərinin ərazidən təmizlənməsi üçün veriləcəkdi.

"Ərəb ölkələri beynəlxalq ictimaiyyət və BMT ilə bu cür əməkdaşlıq etməyə hazır olduğu bir vaxtda, İsrailin yeni hökuməti öz verdiyi vədləri yerinə yetirmirsə, ərəb ölkələri buna simvolik etiraz olaraq bir günlük neft ixracını dayandıra bilər. İranın bu məsələyə müdaxiləsinə isə hec cür haqq qazandırmaq olmaz", - deyə Yəzdi bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti