Azərbaycan, Bakı, 01 may / Trend , müxbir K.Zərbalıyeva /
Azərbaycan Dövlət Neft Akademiyasına silahlı hücumla bağlı bir nəfər şübhəli şəxs qismində saxlanılıb.
"Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qədirov Fərda Əsəd oğlunun həmkəndlisi və onunla yaxın münasibətlərdə olmuş 1984-cü il təvəllüdlü Əliyev Nadir Şirxan oğlu bu gün şübhəli şəxs qismində saxlanılıb", - bu barədə Trend -a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Sultanov bildirib ki, hazırda həmin şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Trend -un arayışı: Aprelin 30-da saat 9.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açıb.
Atəş nəticəsində 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Yaralılardan 3-ü artıq evə buraxılıb.
Hadisəni törətmiş şəxs 29 yaşlı Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğludur. Polis tərəfindən zərərsizləşdirildiyini görən cinayətkar özünü öldürüb.
Onun üzərindən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla adam öldürmə (120.2.4), iki və ya daha çox şəxsi öldürmə (120.2.7), adam öldürməyə cəhd (29, 120.2.7) və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə (228.1) maddələri ilə cinayət işi başlanıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]