Azərbaycan, Bakı, 05 may / Trend , müxbir Ü.Sadıxova /
"Gələn həftə İsrailin Baş naziri Benyamin Netanyahu ilk rəsmi səfərlə Misirə gedəcək", - Trend -a Qüdsdən (Yerusəlim) telefonla İsrail hökumətinin mətbuat katibi Mark Reqev deyib.
Misir Prezidenti Hüsnü Mübarəklə görüşdə İsrail və Misir arasında ikitərəfli münasibətlər, həmçinin regional problemlər müzakirə olunacaq.
"Görüş zamanı regional təhlükəsizlik və sabitlik problemi, Yaxın Şərq sülh prosesinin perspektivləri müzakirə olunacaq", - Reqev bildirib.
Ancaq o, Netanyahunun Misirə səfər gününü dəqiq bildirməyib.
Görüşün Şarm əş-Şeyx şəhərində keçirilməsi gözlənilir.
Təl-Əvivlə münasibətləri bərpa etmiş ilk ərəb ölkəsi olan Misirin İsraillə münasibətləri, İsrailin Qəzza Zolağında HƏMAS qruplaşmasının üzvlərinə qarşı 22 günlük hərbi əməliyyatlarından sonra pisləşib. Əməliyyat nəticəsində 1300-dən çox fələstinli həlak olub.
İki həftə əvvəl Misir kəşfiyyatının rəhbəri Ömər Süleyman İsrailə səfər edib və Prezident Mübarəkin Misirə rəsmi səfər dəvətini Netanyahuya təqdim edib. Süleyman həmçinin, İsrailin xarici işlər naziri Aviqdor Libermanla görüşüb, ancaq Qahirə onu Misir başçısından rəsmi şəkildə üzr istəməyincə qəbul etməkdən imtina edib. Qeyd edək ki, Liberman 2008-ci ilin oktyabrında Knessetin iclasında "Prezident Mübarək İsrailə gəlmək istəmirsə, cəhənnəmə gəlsin" demişdi.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]