"Əhmədinejad İranda iyunun 12-də keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlərlə teledebat aparmağa hazırdır", - İran Prezidentinin sabiq müşaviri və əhalidən Mahmud Əhmədinejada dəstək komitəsinin sədri Səmərə Haşimi cümə axşamı İranın Əhvaz şəhərində keçirdiyi mətbuat konfransında bildirib. Bu barədə Fars xəbər agentliyi məlumat yayıb.
Haşimi Əhmədinejadın prezidentlik dövründə nazirlərin dəfələrlə dəyişdirilməsi məsələsinə münasibət bildirib. "Əhmədinejadın nazirlik postuna təqdim etdiyi nazirlərin əksəriyyətinin səlahiyyəti parlamentdə təsdiqlənmədi və ya parlament onların dəyişdirilməsinə qərar verdi. Bu ancaq Əhmədinejadın ədalətli olduğu və İslam İnqilabının tələblərini yerinə yetirdiyi üçün baş verdi", - deyə Haşimi bildirib.
O, Əhmədinejadın bütün namizədlərlə teledebat aparmağa hazır olduğunu bildirib.
İran Prezidentinin sabiq müşaviri Seyid Müctəba Səmərə Haşimi aprelin 14-də Əhmədinejada məktub göndərərək öz istefasını tələb etmişdi. O, öz istefasından sonra əhalidən Əhmədinejada dəstək komitəsinin sədri kimi çalışmağa başlayıb.
İranda prezident seçkiləri dörd ildən bir keçirilir. Prezidentliyə namizədlər yalnız Nəzarət Şurası (Şuraye Negəhban) tərəfindən təsdiqləndikdən sonra seçki prosesinə qatıla bilərlər. Prezident seçilən şəxs ali dini rəhbər tərəfindən təsdiqləndikdən sonra status əldə edir. Ali dini rəhbərdən sonra ikinci səlahiyyətli şəxs olan prezident bütün icra aparatına nəzarət edir, xarici və daxili siyasət kurslarını müəyyənləşdirir
2005-ci ilin yayında İran Prezidenti seçilən Əhmədinejad hələlik növbəti prezident seçkilərində iştirakı barədə rəsmən bəyanat verməyib.İndiyədək iyunun 12-də ölkədə keçiriləcək prezident seçkilərinə öz namizədliyini İslahatçılar düşərgəsindən Milli Etimad Parliyasının sədri, sabiq spiker Mehdi Kərrubi və sabiq Baş nazir Mirhüseyn Musəvi irəli sürüb. Möhsün Rezayi İranın Məşvərət Şurasının üzvü və Mühafizəkarlar düşərgəsindən olan ilk namizəddir ki, prezident seçkilərində iştirak edəcəyini rəsmi şəkildə bəyan edib.