Gürcüstan, Tbilisi, 07 may / Trend , müxbir N.Kirtsxaliya /
Rustaveli prospektində müxalifətin aksiyaları yenidən başlayıb. Aksiyada radikal müxalifətin liderləri çıxış edərək "kriminal hakimiyyətlə" mübarizədə təslim olmaq fikrində olmadıqlarını bildiriblər.
Onlar parlament qarşısında toplanmış beş minə yaxın tərəfdaşlarına dünən göstərilən qəhrəmanlığa görə təşəkkür ediblər.
Aksiya iştirakçılarının bəyanatı ilə toplananları "Xalq forumunun" liderlərindən biri Qubaz Sanikidze tanış edib.
Bəyanata əsasən, Prezident Saakaşvili ölkəni qeyri-stabillik qarşısında qoyub. "Bu onu göstərir ki, Saakaşvili rejimi beynəlxalq öhdəlikləri yerinə yetirmək və xalqın təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Biz Saakaşvilinin istefasını tələb edirik və Gürcüstan Prezidenti ilə növbədənkənar seçkilərlə bağlı mövqeyimizi bildirməkdən ötrü görüşməyə hazırıq", - bəyanatda deyilir.
Sanikidze qeyd edib ki, bu, xalqa, hakimiyyətə və beynəlxalq ictimaiyyətə müraciətdir.
"Biz öz sözümüzü dedik və prezidentlə görüşün vaxtının təyin edilməsini gözləyirik. Lakin biz paralel olaraq aksiyalardan əl çəkməyəcəyik. Aksiyalar daha da sərt olacaq", - Sanikidze vurğulayıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]