...

Roma Papasının Yaxım Şərqə səfəri dinlərarası dialoq üçün əsas yaratmayacaq – İordaniya Dinlərarası Araşdırmalar İnstitutunun rəhbəri

Siyasət Materials 13 May 2009 09:26 (UTC +04:00)
Roma Papasının Yaxım Şərqə səfəri dinlərarası dialoq üçün əsas yaratmayacaq – İordaniya Dinlərarası Araşdırmalar İnstitutunun rəhbəri

Azərbaycan, Bakı, 13 may / Trend , müxbir Ü.Sadıxova /

Roma Papasının Yaxın Şərqə səfəri xaçpərəstlərlə müsəlmanlar arasında dinlərarası dialoqun başlanması olmasa da, regionun siyasi problemlərinin həllinə yönələ bilər. Bu barədə Dinlərarası Araşdırmalar üzrə İordaniya Kral İnstitutunun rəhbəri Həsən Əbu Nemət deyib.

"Roma Papasının səfəri xaçpərəstlərlə müsəlmanlar arasında dialoqun başlanğıcı demək deyil, çünki dialoq çoxdan mövcuddur. Papanın səfəri dini baxımdan vacib olsa da istərdik ki, bu səfər siyasi xarakter daşısın, çünki məsələnin bu tərəfi insanları daha çox narahat edir", - Trend -a telefon bağlantısı zamanı Əmmandan Əbu Nemət bildirib.

Katolik kilsənin başçısı Roma Papası XVI Benedikt ötən həftə ilk dəfə Yaxın Şərq turnesinə çıxıb və ilk olaraq İordaniyanı ziyarət edib.

Lakin Vatikanın mətbuat xidmətinin sözlərinə əsasən, Papanın səfəri Yaxın Şərqdə xaçpərəst icmasının dəstəklənməsinə yönəlib. Bu barədə "Al Jazeera" telekanalı məlumat verib. Əmmandan Roma Papası Fələstin və İsraildə yerləşən müqəddəs torpaqlara üz tutub.

Roma katolik kilsəsinin rəhbərinin İsrailə səfəri "antisemitizm istənilən formada və dünyanın istənilən yerində yolverilməzdir" bəyanatı ilə başlandı. Roma Papası deyib ki, fələstinlilərin də dövlət yaratmaq hüququnu unutmaq lazım deyil, BBS Russian xəbər verib.

İordaniya İnstitutunun rəhbəri əlavə edib ki, Yaxın Şərqin xaçpərəst əhalisi müsəlman və yəhudi əhalisi kimi Papanın səfərinin regionun siyasi problemlərinin həlli üçün siyasi xarakter daşımasını istəyərdilər. 

"İnsanları ən çox İsrail işğalının regiondakı davamlılığından yaranan problemlər, işğal altında olan ərazilərdə insan haqlarının kobud pozulması narahat edir. Bütün bunlarla yanaşı, Qəzza zolağının uzun illərdir ki, blokada şəraitində olması da çox mühüm problemdir", - Əbu Nemət deyib.

Yaxın Şərq turnesi çərçivəsində pontifik xaçpərəst və müsəlmanların əməkdaşlığı və sülh şəraitində yaşamalı olduqlarını qeyd edib, BBC Russian saytı məlumat verib.  

Əbu Nemət əlavə edib ki, dinlərarası dialoq müsəlman və xaçpərəstlərlə yanaşı, bütün dinləri əhatə etməlidir.

"Papanın səfəri əsasən müsəlman və xaçpərəstlərin dialoqunu nəzərdə tutub, çünki o, katolik kilsəsinin başçısıdır. Hazırkı səfər müsəlman və xaçpərəstlərin dialoqunun öyrənilməsi xarakteri daşıya bilər. Dinlərarası dialoqu nəticəyə çatdırmaq üçün bütün tərəflər iştirak etməlidir. Dialoq bir və ya iki din ilə qurula bilməz", - Əbu Nemət qeyd edib.

İslam dünyasında heç də hamı Roma Papasının Yaxın Şərq səfərini alqışlamadı. Buna səbəb isə üç il öncə Papanın müsəlman və İslamın ünvanına kəskin tənqid söyləməsi olub. O vaxt XVI Benedikt demişdir ki, "Məhəmməd dünyaya şər və müharibələr gətirdi" və müsəlmanları dünya münaqişələrinin əsas səbəbkarı adlandırıb.

Müşahidəçilərin fikrincə, Vatikan müsəlman dünyasında kiminlə dialoqa başlamaq lazım olduğunu bilmir. Çünki Türkiyə, Səudiyyə Ərəbistanı və İran kimi nəhəng müsəlman ölkələrində islamın fərqli təriqətləri üstünlük təşkil edir.

Əbu Nemət hesab edir ki, bütün müsəlmanlar vahid İslam mövqeyindən çıxış edir və müsəlmanların fərqli fikir söyləmələri cəmiyyətin demokratik olduğundan xəbər verir.

"İslam vahiddir, lakin müxtəlif təriqətləri var və bu, İslamın müxtəlif insan düşüncələrinə hörmət etdiyini göstərir", - Əbu Nemət vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti