Azərbaycan, Bakı, 13 may / Trend , müxbir C.Babayeva /
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın çərşənbə günü Bakıda təkbətək görüşü olub, məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə hazırki vəziyyəti və perspektivi, eləcə də regional və beynəlxalq məsələlər müzakirə edilib.
Türkiyənin Baş naziri Ərdoğan çərşənbə axşamı gecə Bakıya gəlib. Rəcəb Tayyib Ərdoğanı Bakı səfərində həyat yoldaşı Əminə Ərdoğan, dövlət naziri Zəfər Çağlayan, xarici işlər naziri Əhməd Davudoğlu, mədəniyyət və turizm naziri Ərtoğrul Günay, enerji və təbii ehtiyatlar naziri Tanər Yıldız, nəqliyyat naziri Binəli Yıldırım müşayiət edir.
Türkiyənin Baş naziri Azərbaycana səfəri çərçivəsində çərşənbə günü ilk öncə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
Daha sonra Baş nazir Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların məzarını və türk əsgərlərinin xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib.
Türkiyə Baş naziri Ərdoğanın Azərbaycan parlamentində çıxışı gözlənilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]