Azərbaycan, Bakı, 19 may / Trend , müxbir, K. Zərbalıyeva /
Azərbaycan Müdafiə Nazirliyi ABŞ ilə birlikdə Bakıda birgə hərbi tədbirlərə başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, mayın 18-də "Qüvvələrin tətbiq etmə təcrübəsi və vəziyyətin təhlili" mövzusunda seminar başlayıb. Seminar mayın 22-dək davam edəcək.
Həmçinin mayın 18-dən 22-dək Strateji Müdafiə İcmalının aparılması və yekun sənədin hazırlanması prosesinə dəstək mövzusunda işçi görüş keçirilir.
Azərbaycanla Türkiyə arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına uyğun olaraq, bu gün Bakıya Türkiyənin Hava Qüvvələri təlim-tədris mərkəzinin (Türkiyə Hava Harp Okulu, İzmir Hava Sınıf Okulları Komandanlığı) müəllim heyətinin səfəri başlayır.
Təcrübə mübadiləsi məqsədi daşıyan səfər mayın 22-də başa çatacaq. Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]