...

Azərbaycanda prokurorluq orqanlarına vakant yer üzrə müsabiqə elan olunub

Siyasət Materials 19 May 2009 12:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may / Trend , müxbir, K.Zərbalıyeva /

Azərbaycanda prokurorluq orqanlarına 60 vakant yer üzrə müsabiqə elan olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlığı və layiqliyinin müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində, şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və söhbətdən ibarət müsabiqə təşkil ediləcək.

Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri mükəmməl bilənlərə üstünlük veriləcəkdir.

Prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ərizə, şəxsiyyət vəsiqəsinin əsli və notarial qaydada təsdiq edilmiş surəti, tərcümeyi-hal və kadrlar uçotuna dair anket, 4x6 sm ölçüdə ağ fonda 6 ədəd rəngli fotoşəkil, ali təhsil haqqında diplomun, diploma əlavə olunan qiymət cədvəlinin əsilləri və notarial qaydada təsdiq edilmiş surətləri, əmək kitabçasının notarial qaydada və yaxud iş yeri üzrə təsdiq edilmiş surəti, yaşadığı ünvan üzrə poliklinikadan (forma № 086) sağlamlığı, ruhi-əsəb və narkoloji dispanserlərdə qeydiyyatda olub-olmadığı barədə arayışları təqdim etməklə Baş Prokurorluğa müraciət edə bilərlər.

Prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslərin ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, seçkilərdə iştirak etmək hüququ olmalıdır.

Prokurorluğa işə sənədlərini verənədək 30 yaşına çatmamış Azərbaycan Respublikası vətəndaşları qəbul olunurlar.

Müsabiqənin test imtahanının tarixi, imtahan sualları, onların hazırlanmasında istifadə edilmiş qanunların siyahısı və digər məlumatlar barədə namizədlərə məlumat veriləcək.

Sənəd qəbulu sentyabrın 18-dək davam edəcək.

Prokurorluq orqanlarına keçirilən son müsabiqə ilə 79 nəfər işə qəbul olunub. 2002-ci ildən başlayaraq prokurorluq orqanlarına 293 nəfər gənc hüquqşünas işə qəbul olunub. Bu isə prokurorluq əməkdaşlarının 30 faizindən çoxunu təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti