Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixail Saakaşvilinin iştirakı ilə mayın 20-də Azərbaycan-Gürcüstan sənədlərinin imzalanması mərasimi olub, AzərTAc dövlət agentliyi məlumat yayıb.
"Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"ə dəyişiklik edilməsi haqqında Protokol"u Azərbaycan tərəfdən "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov, Gürcüstan tərəfdən iqtisadi inkişaf naziri Laşa Jvaniya imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında azad ticarət haqqında 1996-cı il tarixli Saziş"ə dəyişiklik edilməsinə dair Protokol"u Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev, Gürcüstan tərəfdən iqtisadi inkişaf naziri Laşa Jvaniya imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında əqli mülkiyyətin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş"i Azərbaycan tərəfdən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov, Gürcüstan tərəfdən iqtisadi inkişaf naziri Laşa Jvaniya imzaladılar.