...

Azərbaycanlı deputatlar "Diffamasiya haqqında" qanun layihəsinin qəbulunu birmənalı qarşılamırlar

Siyasət Materials 22 May 2009 10:57 (UTC +04:00)
Azərbaycanlı deputatlar "Diffamasiya haqqında" qanun layihəsinin qəbulunu birmənalı qarşılamırlar

Azərbaycan, Bаkı, 22 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan parlamenti üzvlərinin "Diffamasiya haqqında" qanun layihəsinin müzakirəyə çixarılması ilə bağlı təkliflərə münasibəti birmənalı deyil.

"Jurnalistlərin cinayət məsuliyyətinə cəlb olunmamasının tərəfdarı olduğumdan, layihənin qəbulunu mümkün hesab edirəm", - cümə günü Trend -a millət vəkili Elmira Axundova bildirib.

Trend -un arayışı: "Diffamasiya haqqında" qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanıb. Onu hazırlayan işçi qrupa millət vəkillləri Qənirə Paşayeva, Azay Quliyev, jurnalist təşkilatlarının nümayəndələri, hüquqşünaslar daxildir.

Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqirə və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutulan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələr Cinayət Məcəlləsindən çıxarılmalıdır.

Axundovanın sözlərinə görə, hər mətbuat nümayəndəsinin yanlışlığa yol verməsi, səlahiyyət həddini aşması mümkündür.

"Bu səbəbdən jurnalistlərin cinayət məsuliyyətindən azad olunmasını istəyirəm. Amma əvəzində onlara inzibati cəza verilə bilər, həmin mətbuat orqanı bağlana bilər", - millət vəkili əlavə edib.

"Diffamasiya haqqında" qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılmasının qəti əleyhinəyəm", - cümə günü Trend -a Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov bildirib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatların Azərbaycan hakimiyyətindən bu qanunun qəbul olunması ilə bağlı tələbləri başa düşüləsi deyil.

"Bəzi Avropa dövlətləri iddia edirlər ki, insan hüquqlarını qorumaq lazımdır. İnsan hüquqlarına aid olan normaların fəlsəfəsinin əsası insanın ləyaqətidir. İnsanın ləyaqətini qorumamaq olarmı?", - partiya sədri vurğulayıb.

İsmayılovun fikrincə, insanın ləyaqətinin heç bir maddi ekvivalenti yoxdur. "Bu səbəbdən "Diffamasiya haqqında" qanun layihəsinin müzakirəyə çıxarılması insan hüquqlarına ziddir və onun qəbulu ciddi səhv olardı", - millət vəkili deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti