...

Azərbaycanın təhsil müəssisələrinin mühafizəsinin gücləndirilməsi üçün müraciətlərin sayı artıb – nazir müavini

Siyasət Materials 26 May 2009 17:03 (UTC +04:00)
Azərbaycanın təhsil müəssisələrinin  mühafizəsinin gücləndirilməsi üçün müraciətlərin sayı artıb – nazir müavini

Azərbaycan, Bakı, 26 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın ali məktəbində baş verən faciədən sonra təhsil ocaqlarının mühafizəsinin gücləndirilməsi üçün müraciətlərin sayı artıb.

"Hadisədən sonra 20 təhsil müəssisəsi Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi ilə müqavilə imzalayıb. Onların əksəriyyəti özəl ali məktəblərdir", - Trend -un məlumatına görə, çərşənbə axşamı parlamentdə "Polis haqqında" Qanuna təklif olunan dəyişiklik və əlavələrin müzakirəsi zamanı daxili işlər nazirinin müavini Oruc Zalov bildirib.

Trend -un arayışı: Aprelin 30-da saat 09.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açıb.
Atəş nəticəsində 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Hadisəni törətmiş şəxs 29 yaşlı Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğludur. Polis tərəfindən zərərsizləşdirildiyini görən cinayətkar özünü öldürüb.

Onun üzərindən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla adam öldürmə (120.2.4), iki və ya daha çox şəxsi öldürmə (120.2.7), adam öldürməyə cəhd (29, 120.2.7) və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə (228.1) maddələri ilə cinayət işi başlanıb.

Zalovun sözlərinə görə, Baş Mühafizə İdarəsi (BMİ) bu işi qarşılıqlı müqavilələr əsasında ödənişli qaydada yüksək səviyyədə təşkil edir.

Onun fikrincə, BMİ-nin ali məktəblərdə mühafizəni təşkil etməsinin özəl üstünlüyü var.

"Bir sıra ali təhsil ocağı mühafizəni özləri təşkil edib və bu işi həyata keçirənlərə silah verilmir. BMİ-nin mühafizəçiləri isə həm yüksək dərəcədə peşəkar, həm də silahlı olurlar", - Zalov vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti