Azərbaycan, Bakı, 27 may / Trend , müxbir C.Babayeva /
Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyəti (AİGDC) İsrail Prezidentinin Azərbaycana gözlənilən səfərinə İranın sərt münasibətini məntiqsiz hesab edir.
"Ermənistanla yüksək səviyyədə dostluq əlaqələri olan İranın bu səfərə sərt münasibəti nə məntiqi, nə dini, nə ədalət, nə də beynəlxalq hüquq çərçivəsinə sığmır. Dünyanın inkişaf etmiş demokratik ölkələrindən biri olan, hər zaman Azərbaycanla isti münasibətlər qurmağa çalışan, həmçinin çoxlu həmvətənimizin yaşadığı İsrail ilə ikitərəfli münasibətlərin qurulması heç bir ölkəyə zərər verməyəcək", - çərşənbə günü AİGDC-nin yaydığı bəyanatda bildirilib.
Trend -un arayışı: İsrail Prezidenti Şimon Peresin yay aylarında Azərbaycana səfəri gözlənilir. İran rəsmiləri isə İsrail Prezidentinin Azərbaycana səfərinin yolverilməz olduğu barədə açıqlama veriblər.
Milli Məclisin dünən keçirilən iclasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı İranın Azərbaycanın daxili işlərinə qarışmaması üçün Xarici İşlər Nazirliyinin konkret addımlar atmasını istəyib.
AİGDC İsrail Prezidentinin Azərbaycana səfərinin istər regionda, istərsə də dünyada sülhün qorunmasına xidmət edən bir addım olacağına əminliyinin bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]