...

Azərbaycan Parlamentinin sədri Polşa ilə münasibətlərin inkişaf etdiyini bildirib

Siyasət Materials 10 İyun 2009 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Parlamentinin sədri Polşa ilə münasibətlərin inkişaf etdiyini deyib.

"Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən, diplomatik əlaqələr qurulduqdan sonra Azərbaycan-Polşa münasibətləri yüksələn xətlə inkişaf etməyə başlayıb", - çərşənbə günü Polşa Senatının üzvü Vladzimer Çimoşeviçi ilə görüşündə spiker Oqtay Əsədov bildirib.

Polşa Senatı üzvünün bu gündən Azərbaycana səfəri başlayıb.

Əsədov deyib ki, dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan dövlətlərarası sənədlər ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır və Azərbaycan-Polşa qarşılıqlı əlaqələrinin hüquqi bazasını möhkəmləndirir.

"Cənubi Qafqazda qlobal layihələrin fəal təşəbbüskarı və iştirakçısı olan, regionda iqtisadi cəhətdən ən inkişaf etmiş və xarici sərmayə üçün cəlbedici ölkəyə çevrilən Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verir", - spiker əlavə edib.

"Azərbaycanda gedən iqtisadi inkişaf, demokratik-hüquqi dövlət quruculuğu istiqamətində atılan addımlar, beynəlxalq əhəmiyyətli qlobal layihələrin gerçəkləşməsi Azərbaycanın dünyaya, o cümlədən Avropaya inteqrasiyasını daha da sürətləndirir", - Polşa Senatının üzvü Çimoşeviç bildirib.

Onun sözlərinə görə, Azərbaycan regiondakı beynəlxalq layihələrin həyata keçirilməsində aparıcı rol oynayır və Avropanın etibarlı strateji enerji tərəfdaşıdır. "Ölkələrimiz BMT, ATƏT, Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatların bərabərhüquqlu üzvüdür. Dövlətlərimizin Avropa İttifaqının "Mehriban qonşuluq siyasəti" proqramı çərçivəsində əlaqələri də yüksək səviyyədədir. İkitərəfli əlaqələrin daha da inkişafı üçün bundan sonra da bütün potensial imkanlardan istifadə olunmalıdır", - Çimoşeviç vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti