...

Azərbaycan mənim üçün güvənə biləcəyim xüsusi bir ölkədir – İsrail Prezidenti Şimon Pereslə MÜSAHİBƏ

Siyasət Materials 25 İyun 2009 11:30 (UTC +04:00)
Azərbaycan mənim üçün güvənə biləcəyim xüsusi bir ölkədir – İsrail Prezidenti Şimon Pereslə MÜSAHİBƏ

Trend agentliyinin Avropa redaksiyasının İsrail Prezidenti Şimon Pereslə, onun Azərbaycana iyunun 28-29-da gözlənilən səfərindən əvvəl müsahibəsi.

- Sizin Azərbaycana gəlişiniz gələn həftəyə planlaşdırılıb. Bu səfər zamanı hansı sənədlər imzalanacaq? İsrail və Azərbaycan arasındakı münasibətlərin hazırkı vəziyyəti necə dəyərləndirir və gələcəyini necə görürsünüz?

- Bizi çox şey birləşdirir. Azərbaycan yalnız böyük qaz resurslarına deyil, həm də zəngin mədəniyyətə malik ölkədir. İnsanlar bunu bilmir, amma Azərbaycan qadınlarına səsvermə hüququ İsveçrə və ABŞ-dan əvvəl verilib.

Azərbaycan yəhudi, müsəlman və xristianların birgə, nifrət və fanatizm olmadan yaşaya biləcəyi məkana dözüm və hörmətlə yanaşıb. Buna görə də əminəm ki, Azərbaycan mənim üçün ğüvənə biləcəyim xüsusi bir ölkədir. Onun öz mədəni kökləri var. Nefti almaq olar, mədəniyyəti isə yaratmaq lazımdır. Azərbaycan öz mədəniyyətini yaradıb.

Azərbaycanlılar çox da böyük olmayan xalqdır. Azərbaycanın da, İsrailin də eyni problemi var. Bəs onda kiçik olan xalq necə böyük ola bilər? Müasir elm və texnikanın nailliyyətlərini bütünlüklə tətbiq etsəniz, ərazinizin ölçülərindən asılı olmayaraq böyük ola bilərsiniz.

Azərbaycan Prezidenti cənab İlham Əliyev hər kəsdə ən böyük hörmət doğurur. Mən onu fövqəladə humanist, yetərincə təvazökar, savadlı, müasir insan hesab edirəm. Onunla ünsiyyət qurmaq çox xoşdur. O, kənd təsərrüfatı, su resursları, səhiyyə, texnologiya kimi sahələrə marağını bildirib. Biz bu mövzuları müzakirə etmişik.

İsrailin demək olar ki, nə ərazisi, nə qazı, nə də nefti var. Ona görə də biz ağlımıza və elmimizə diqqət yetirməli və Azərbaycanı maraqlandıran hər bir məsələni bölüşməliyik.

Ən vacib məqam isə odur ki, İsrail heç kəs üçün təhlükəli ölkə deyil. Biz kimisə qorxutmaq üçün xeyli kiçik bir ölkəyik. Ancaq digər tərəfdən biz elmin inkişafı və bu kimi digər sahələrdə təklif edə biləcəyimiz məsələləri hazırlamışıq və öz dostlarımızla bölüşməyə hazırıq. Bunlar bizim tammiqyaslı əməkdaşlıq edə biləcəyimiz sahələrdir.

Bizim mədəniyyətimiz, istəyimiz və hazırlığımız var. Mən hazırkı prezidentin atası ilə də tanış olmuşam və o məndə böyük təəssürrat yaradib. Onunla iki dəfə görüşmüşdüm. O, çox savadlı, ənənələrə hörmət edən bir insan idi.

Azərbaycanın ciddi problemlə üzləşdiyi mənə məlumdur. Bu problem əsasən qonşularınızdan qaynaqlanır. Ailədə valideynləri seçmək mümkün olmadığı kimi, siyasətdə də qonşuları seçmək mümkün deyil. Həyat belədir. İsrail Azərbaycanın ərazi bütövlüyünü tamamilə dəstəkləyir. Biz hesab edirik ki, heç bir ölkənin digər ölkənin ərazisini işğal etmək ixtiyarı yoxdur.

Beləliklə, hələ ölkəyə (Azərbaycana) səfər etməzdən əvvəl də ona böyük rəğbətim var. Bununla yanaşı, Azərbaycanda yəhudi xalqına həmişə yaxşı münasibət bəslənildiyi faktı da vacib tarixi əhəmiyyət daşıyır. Onların çoxu İsrailə emiqrasiya edib, Azərbaycanla bağlı isə ən xoş təəssüratları  özləri ilə gətiriblər. Hesab edirəm ki, sizin torpağınıza qarşıdakı səfərimin xüsusi maraq kəsb etməsinin cox səbəbləri vardır.

 - Ölkələr arasında diplomatik münasibətlərin genişləndirilməsi gözləniləndirmi?

- Mən ümid edirəm ki, İsraildə tammiqyaslı Azərbaycan səfirliyi açılacaq. Düşünürəm ki, əməkdaşlıq inkişaf etdikcə, bu addım daha da aktual olacaq. Bu, mütləq baş verəcək, çünki bu səfər zamanı münasibətlərimizin zənginləşəcəyinə ümid edirəm.

Bakıya səfərim zamanı məni İsraildən olan böyük nümayəndə heyəti müşayiət edəcək. Biz iqtisadiyyat və elm sahəsində daha möhkəm əlaqələr qurmaq istəyirik. Bu səfərdən sonra səfirliyin açılmasına ehtiyac artacaq.

- Siz İsrailin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirdiniz. İsrail Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində konstruktiv mövqe tutur. İsrail bu məsələnin həlli prosesinə daha fəal cəlb olunmağa hazırdırmı?

- Biz kiçik ölkəyik, bizim o qədər də böyük gücə malik deyilik. Biz bu məsələdə yalnız öz nöqteyi-nəzərimiz, baxışlarımız, münasibətlərimiz və mövqeyimizi bildirə bilərik. Düşünürəm ki, Azərbaycan yalnız İsraillə deyil, həm də ölkə xaricindəki, xüsusilə ABŞ-dakı yəhudi icması ilə yaxınlaşmaq istərdi.

Bizim bu məsələdə töhfəmiz yalnız Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməkdir.

- Son zamanlar İsrail Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə nəql  olunan Azərbaycan qazını almaq niyyətində olduğunu bildirmişdi. Bunun üçün Türkiyədən İsrailə Aralıq dənizinin dibi ilə qaz kəməri çəkilməlidir. Hansı həcmdə qaz alınmasını mümkün hesab edirsiniz və hansı tərəf boru kəməri tikintisi üzrə xərcləri öz üzərinə götürəcək?

- Bakıya mənimlə birlikdə bu işlə məşğul olan infrastruktur naziri də gəlir. Mən bu sualı onun cavablandırmasını düzgün hesab edərdim, çünki o, bütün təfərrüatları bilir. Ancaq onun Bakıya gəlişinin məqsədi Azərbaycan qazının İsrailə tədarükünün real imkanlarının dəqiqləşdirilməsidir.

Xəbər lenti

Xəbər lenti