...

Azərbaycanda yüksək temperatur qeydə alınsa, işin dayandırılması barədə qərar verilə bilər

Siyasət Materials 4 İyul 2009 09:00 (UTC +04:00)
Azərbaycanda yüksək temperatur qeydə alınsa, işin dayandırılması barədə qərar verilə bilər

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir K.Zərbalıyeva /  

Azərbaycanın Nazirlər Kabineti bildirib ki, ölkədə yüksək temperatur qeydə alınsa, işin dayandırılması barədə xüsusi qərar verilə bilər.

"Ölkə ərazisində 41 dərəcə və daha yüksək istilər müşahidə edilərsə, işin dayandırılıb-dayandırılmaması barədə məsələyə baxıla bilər", - cümə günü Trend -a Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Azərbaycanda iyul ayının bəzi günlərində 41 dərəcədən artıq temperatur proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometereoloji Proqnozlar Bürosunun baş hidreloqu Asif Verdiyev Trend -a cümə günü bildirib ki, iyul ayının ayrı-ayrı günlərində Naxçıvanda və Mərkəzi Aran rayonlarında temperaturun 42 dərəcədən yüksək olacağı proqnozlaşdırılır.

Azərbaycanın Əmək Məcəlləsinə bir neçə ay öncə edilmiş dəyişiklikdən sonra havanın temperaturunun 41 dərəcəyə çatdığı günlərdə ölkə ərazisində iş dayandırılmalıdır. Əvvəlki qanunda bu hədd 45 dərəcə göstərilmişdi.

Verdiyev bildirib ki, anomal istilər və hava şəraitinin qeyri-sabit olması ilə bağlı əvvəlcədən əlaqədar qurumlara büro tərəfindən xəbərdarlıq göndərilir və bu proqnoz əsasında müvafiq qurumlar lazımi tədbirlər görməlidir.

Baş hidroloqun sözlərinə görə, işin dayandırılması barədə qərarı Nazirlər Kabineti verir.

Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov bildirib ki, Əmək Məcəlləsinə edilən dəyişiklikdən sonra bu məsələni tənzimləmək üçün prosedur qaydalar müəyyənləşdirilməlidir. Məmmədovun sözlərinə görə, yüksək temperaturda iqlimi süni surətdə tənzimləmək mümkün olmadığı hallarda müəssisə rəhbərliyi işi dayandırmalı, iş vaxtı qısaldılmalı, əlavə fasilələr müəyyənləşməli və müvafiq əlavə tədbirlər görülməlidir.

Liqa rəhbəri hesab edir ki, 41dərəcədən artıq temperatur olan günlərdə özəl şirkətlərin qanunvericiliyin tələblərinə riayət edəcəyi real görünmür, "Qanunvericilik küləkli və soyuq havalarda da işin dayandırılmasını nəzərdə tutsa da, realda özəl şirkətlərdə işin davam etdiyinin şahidi oluruq, xüsusən tikinti sektorunda", - Məmmədov vurğulayıb.

Liqa sədri bildirib ki, bu sahədə nəzarəti həyata keçirən orqanın nəzarət etmək imkanı yoxdur.

"Bu sahədə qanunvericiliyin tələblərinə riayət olunması məqsədilə nəzarət gücləndirilməlidir", - Məmmədov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti