...

Azərbaycanın müxalifət partiyasının piketi baş tutmayıb

Siyasət Materials 14 İyul 2009 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul / Trend , A.Hüseynbala /

Azərbaycanın müxalifət partiyasının Cinin Azərabycandakı səfirliyi qarşısında keçirmək istədiyi piket baş tutmayıb.

"Aksiya iştirakçılarına səfirliyin qarşısına toplaşmağa belə imkan verilmədi və hüquq-mühafizə orqanlarının əməkdaşları bizim dağılışmağımızı tələb etdilər", - çərşənbə axşamı Trend -a Müsavat Partiyası Məclisinin üzvü Gülağa Aslanlı bildirib.

Trend -un arayışı: İyilun 6-da Çinin Sinszyan-Uyğur muxtar rayonunda bazar günü başlayan iğtişaşlar nəticəsində ölənlərin sayı 156 nəfərə çatıb. İğtişaşlar bazar günü axşam saatlarında rayonun inzibati mərkəzi olan Urumçi şəhərində başlayıb. Şahidlərin verdiyi açıqlamalara görə, toqquşmalar dükanlar və avtomobillərin yandırılması, qarət halları ilə müşahidə olunub. Yerli hüquq-mühafizə orqanlarının verdiyi son məlumatlara görə, 156 nəfər həlak olub, 816 nəfər yaralanıb. Daha öncə üç mülki şəxs və bir polisin ölümü barədə məlumat verilmişdi. Urumçidə etiraz edənlər bu yaxınlarda Quandun əyalətindəki oyuncaq fabrikində işçilər arasında baş verən qarşıdurma zamanı iki uyğurun öldürülməsinə narazılıqlarını bildiriblər.

Aslanlının sözlərinə görə, polis əməkdaşlarının dağılışmaq əmrinə tabe olmayan aksiya iştirakçılarının bir neçəsi saxlanılıb. "Tofiq Yaqubli, Hüseyn Məlikov, Tural Abbaslı, Cavid Hacıbəylı və Cəmil Həsənli saxlanılarq Nəsimi rayon 22-ci polis bölməsinə aparılıblar", - Müsavat üzvü əlavə edib.

Bir neçə gün öncə Müsavat Partiyası və Dünya Azərbaycanlıları Konqresi Çinin Sinzyan-Uyğur muxtar rayonunda baş verən iğtişaşlara etiraz əlaməti olaraq bu ölkənin Azərbaycandakı səfirliyi qarşısında piket keçirmək barədə qərar qəbul edib. Bakı Şəhər İcra Hakimiyyəti isə hər iki aksiyanın keçirilməsinin məqsədəuyğun olmadığını nəzərə alaraq razılıq verməyib.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. Müsavat Partiyasının (Bərpa) Qurultayı 1992-ci il noyabrın 7-də Bakıda Respublika sarayında keçirilib. Gizli səsvermənin yekunları əsasında İsa Qəmbər əksəriyyət səslə Müsavat Partiyasının başqanı seçilib.

Qəmbər Аzərbаycan pаrlаmеntinin еks-spikеri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Pаrtiyа 4 nəfər deputatla parlamentdə təmsil olunur.

Dünya Azərbaycanlıları Konqresinin saat 12:30-da Çinin Azərbaycandakı səfirliyi qarşısında nəzərdə tutduğu etiraz aksiyası da baş tutmayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti