Tehran Şəhər Məhkəməsində İran müxalifətinin (İslahat düşərgəsinin) siyasi fəallarının məhkəmə prosesi başlayıb. Bu barədə Trend İranın İLNA xəbər agentliyinə istinadən məlumat verir.
Fars xəbər agentliyinin məlumatına görə, bu gün başlayan məhkəmə prossesində prezident seçkilərindən sonra yaranmış gərginliklərdə şübhəli bilinən 100 nəfərin işinə baxılır. İttiham olunanlar əsasən, İranın İslahatçılar düşərgəsindən olan siyasi fəallar, Müşarikət partiyasının baş katibi Möhsün Mirdamad, İslam İnqilabı Mücahidləri təşkilatının mərkəzi şurasının üzvü Behzad Nəbəvi, Mübariz Ruhanilər Assambleyasının mərkəzi şurasının üzvü və prezidentliyə keçmiş namizəd Mir Hüseyn Musəvinin müşaviri Məhəmməd Əli Əbtəhi, İranın xarici işlər nazirinin sabiq müavini Möhsün Əminzadə, Kargüzaran Partiyasının mərkəzi şurasının üzvü Məhəmməd Ətriyanfər, Müşarikət partiyasının mərkəzi şurasının üzvləri Möhsün Səfayi Fərahani və Abdullah Ramazanzadədir.
İran Prokurorluğu iyulun 29-da məlumat yayıb bildirmişdi ki, iyunun 12-də keçirilən prezident seçkilərindən sonra yaranmış gərginliklərdə şübhəli bilinən 20 nəfərin məhkəməsi avqustun 1-də keçiriləcək.
Həbs olunanlar terror qrupları ilə əlbir olmaqda, bomba qoymaqda, odlu silah, əl qumbarası daşımaqda, polis və könüllülərə qəsdən hücum etməkdə, universitetlərə və polis məntəqələrinə hücumda, mitinqlə bağlı şəkilləri düşmən mətbuatına göndərməkdə, quldurluq etməkdə, asayişi pozmaqda, ümumi və dövlət malına ziyan vurmaqda ittiham olunurlar.
Trend -un arayışı: İyunun 12-də keçirilən prezident seçkilərində İranın hazırkı Prezidenti Mahmud Əhmədinejad səslərin 62,63 faizini, onun əsas rəqibi keçmiş Baş nazir Mir Hüseyn Musəvi isə 33,75 faiz səs toplayıb. Musəvi höküməti səsvermənin nəticələrinin saxtalaşdırmaqda günahlandırıb.Seçkilərin nəticələrindən narazı qalanların etiraz aksiyası polislə müxalifət tərəfdarları arasında toqquşmaya səbəb olub. Qarşıdurnalar zamanı onların bəziləri həlak olub. 1032 nəfər həbs olunub, onlardan bəziləri azadlığa buraxılıb. Bir sıra qərb ölkələri İranda seçkilərdən sonra gərginləşən vəziyyətlə əlaqədar narahatlıqlarını bildiriblər.