...

Britaniyaya səfirlik əməkdaşının toxunulmazlığı ilə bağlı heç bir zəmanət verilməyib - İranın XİN nümayəndəsi

Siyasət Materials 10 Avqust 2009 12:47 (UTC +04:00)
Britaniyaya səfirlik əməkdaşının toxunulmazlığı ilə bağlı heç bir zəmanət verilməyib - İranın XİN nümayəndəsi

"İran Britaniya səfirliyində işləyən əməkdaşın toxunulmazlığı ilə bağlı Londona heç bir zəmanət verməyib", - deyə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Həsən Qəşqavi bildirib.

Mehr Agentliyinin avqustun 10-da yaydığı məlumata əsasən, Qəşqavi mətbuat konfransında bildirib ki, Avropa Birliyinin İranda qanunsuzluqlar və "iğtişaşlar" törətməkdə ittiham olunan Britaniya səfirliyinin əməkdaşı ilə bağlı keçirilən məhkəməni pisləməsinin heç bir hüquqi dəyəri yoxdur.

Trend -un arayışı: Britaniyanın Tehrandakı səfirliyində baş şərhçi vəzifəsində işləyən İran vətəndaşı Hüseyn Rəssamın şənbə günü məhkəməsi keçirilib. Rəssam xarici qüvvələrlə əməkdaşlıq, casusluq, "iğtişaşları qızışdırmaq" və digər ağır cinayətlərdə ittiham olunub. Həmçinin Fransa vətəndaşı 24 yaşlı müəllimə Klotilde Reys prezident seçkilərindən sonrakı aksiyalarda iştirak etrməkdə ittiham olunub.

Qəşqavi bildirib ki, İranın Ədliyyə Nazirliyi müstəqil fəaliyyət göstərir və XİN heç zaman Britaniyaya həbsdə olan əməkdaşı ilə bağlı toxunulmazlıq barədə zəmanət verməyib. 

Şənbə günü Rəssam məhkəmədə ona qarşı irəli sürülən ittihamları qəbul edib, lakin müşahidəçilərin bir qismi etirafların "təzyiq, hədə və işgəncə" altında alındığını düşünür. Britaniya XİN Rəssamın məhkəməsini "təhqir" adlandıraraq, onun azadlığa buraxılmasını tələb edib.

Avgustun 9-da isə Avropa Birliyi bəyanat yayaraq bildirib ki, Britaniya səfirliyi əməkdaşının həbsi yalnız rəsmi Londonun yox, bütün Avropa Birliyinin əleyhinə olan addımdır.

Xəbər lenti

Xəbər lenti