İyulun əvvələrində Əfqanıstana Aviasiya Radiolokasiya Aşkarlama Kompleksləri və AWACS tipli yönlənmə ilə təchiz edilən təyyarələrin xidməti üçün alman hərbçilərindən ibarət kontingentin göndərilməsi barədə Bundestaqın qəbul etdiyi qərar istənilən nəticəni vermədi. Alman əsgərləri Şimali Atlantika alyansının Türkiyədə Konyadakı dayaq məntəqəsində üç həftədən çox qalıb, sonra isə tapşırığa başlamadan Almaniyaya geri qayıdıblar. Missiyanın müvəffəqiyyətsizliyə uğramasının səbəbi Azərbaycan və Türkmənistanın özlərinin hava məkanından NATO-nun Əfqanıstana təyyarə uçuşları üçün istifadəsinə icazə verməməsi olub. Bu barədə çərşənbə günü Deutsche Welle yazır.
Bundestaqda Azad Demakratiya Partiyası fraksiyasının vitse-prezidenti Birgit Homburger missiyanın lazımı realizasiyasını təmin etməyən Almaniya hökumətini səhlənkarlıqda günahlandırıb və hadisənin səbəbləri barədə parlamenti məlumatlandırmağı tələb edib.
Bununla yanaşı, avqustun 26-da alman əsgərlərinin qayıtması barədə məlumatı təsdiqləyən Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi Tomas Raabe bildirib ki, missiyanın realizasiyanın təmin edilməsi NATO-nun Baş katibi Anders Foq Rasmussenin vəzifələrinə aiddir. "Süddeutsche Zeitung" qəzetinin məlumatına əsasən, hazırda Şimali Atlantika alyansı Birləşmiş Ərəb Əmirlikləri ərazisindəki dayaq məntəqəsinin istifadəsi barədə danışıqlar aparır.
Qeyd edək ki, uzaq radiolokasiya aşkarlama və idarə sistemləri ilə təchiz olunan təyyarələrin tapşırıqlarına Əfqanıstan ərazisi üzərində hava trafikinə nəzarət daxildir. Hazırda bununla ABŞ məşğul olur. Analitiklərin proqnozlarına görə, yaxın zamanlarda Əfqanıstan üzərində hava trafikinin 3-5 dəfə artacağı gözlənilir ki, bu da AWACS təyyarələrinin planlaşdırılmış missiyasının təcili həyata keçirilməsinin sübutudur.