...

Azərbaycan Prezidenti "Əsrin müqaviləsi"nin 15-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə nitq söylədi

Siyasət Materials 17 Sentyabr 2009 09:37 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 15-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişlər.
Azərbaycan Prezidenti  "Əsrin müqaviləsi"nin 15-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə nitq söylədi

Sentyabrın 15-də "Buta" sarayında "Əsrin müqaviləsi"nin 15-ci ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva "Əsrin müqaviləsi"nin 15-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə iştirak etmişlər.
Salona toplaşanlar dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev mərasimdə nitq söylədi.

- Mən sizin hamınızı ürəkdən salamlayıram, sizi və bütün Azərbaycan xalqını "Əsrin müqaviləsi"nin 15-ci ildönümü münasibətilə ürəkdən təbrik etmək istəyirəm.
On beş il bundan əvvəl müstəqil Azərbaycanın tarixində çox əlamətdar və böyük dərəcədə həlledici hadisə baş vermişdir. "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycan qarşısında yeni imkanlar, yeni üfüqlər açmışdır. Azərbaycan o vaxt öz müstəqilliyinin üçüncü ilini yaşayırdı. Müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçirdi. Ölkə 1991-93-cü illərdə demək olar ki, total böhran yaşayırdı. İqtisadi, siyasi, hərbi böhran Azərbaycanı çox ağır vəziyyətə salmışdı və daxili çəkişmələr, özbaşınalıq, anarxiya və xaos demək olar ki, Azərbaycanın gələcəyini də şübhə altına qoyurdu. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasından sonra vəziyyət sabitləşməyə başladı, bütün xoşagəlməz halların qarşısı alındı və Azərbaycan uğurla inkişaf yoluna qədəm qoydu. Bu hadisə - "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın uzunmüddətli uğurlu inkişaf imkanlarını gücləndirdi. Azərbaycan özünü dünyaya təqdim etdi. İlk dəfə olaraq dünyada böyük transmilli konsorsium yaradıldı. Konsorsiumun iştirakçıları - müxtəlif ölkələri təmsil edən şirkətlər və Azərbaycan Dövlət Neft Şirkəti uğurlu əməkdaşlığa başlamışdır. İlk dəfə olaraq Xəzər dənizi beynəlxalq əməkdaşlıq üçün açıldı və bunu Azərbaycan etdi. "Əsrin müqaviləsi"nin imzalanması imkan verdi ki, Xəzərin neft-qaz ehtiyatları dünyada ilk dəfə olaraq Qara dəniz və Aralıq dənizləri ilə beynəlxalq bazarlara nəql edilsin.
Yəni "Əsrin müqaviləsi"nin çox böyük tarixi əhəmiyyəti vardır.
Azərbaycana böyük investisiya axını başlamışdır. O vaxt Azərbaycan böyük maliyyə imkanlarına malik deyildi. Bizim maliyyə imkanlarımız çox məhdud idi. Bizim imkanımız yox idi ki, "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərin hissəsini özümüz işləyək, özümüz investisiyalar qoyaq. Ona görə xarici kapitalın Azərbaycana gəlməsini təmin etmək çox mühüm bir vəzifə idi. O da həqiqətdir ki, o vaxt Azərbaycan çox riskli bir ölkə kimi tanınırdı. Azərbaycanda daxildə gedən xoşagəlməz hadisələr, vətəndaş müharibəsi, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti Azərbaycanı çox riskli bir ölkə kimi dünyaya təqdim edirdi. Bunun qarşısını almaq, Azərbaycanı informasiya blokadasından çıxarmaq, ölkəmizi olduğu kimi dünya birliyinə təqdim etmək üçün "Əsrin müqaviləsi"nin əvəzsiz rolu olmuşdur.
Mən o günləri çox yaxşı xatırlayıram. 1994-cü ildə danışıqların son mərhələsi gedirdi və Azərbaycan tərəfi çalışırdı ki, Azərbaycanın milli maraqları maksimum dərəcədə təmin olunsun və Azərbaycana böyük investisiya axını təşkil edilsin. Bu gün, 15 il keçəndən sonra deyə bilərəm ki, bu 15 il ərzində Azərbaycanın milli maraqları tam şəkildə təmin olunmuşdur. Azərbaycan bu kontraktın icrası nəticəsində böyük və uğurlu yol keçmişdir. Bizim uğurlu gələcəyimiz böyük dərəcədə 15 il bundan əvvəl imzalanmış kontrakta söykənir. Eyni zamanda, bizimlə bərabər işləyən və o vaxt bizi yaxşı tanımayan xarici şirkətlər də gördülər ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan sərmayə qoyuluşu üçün çox gözəl bir ölkədir, Azərbaycanla işləmək xeyir gətirir. Onlar qoyduqları investisiyaları mənfəətlə qaytardılar. Bu gün də əminəm ki, əməkdaşlıqdan həm biz, həm də ki, bizim xarici tərəfdaşlar razıdırlar. Bu, əslində beynəlxalq əməkdaşlığın çox gözəl nümunəsidir.
Onu da qeyd etmək istəyirəm ki, Azərbaycanda xarici investisiyalar çox güclü qorunur. "Əsrin müqaviləsi" və ondan sonra imzalanan bütün kontraktlar parlamentdə ratifikasiyadan keçərək Prezident tərəfindən qanun şəklində imzalanmışdır və nə biz, nə xarici tərəfdaşlar kontraktın mətnində bir cümləni belə dəyişə bilməzlər. Bu, həm bizə rahatlıq verir, həm də xarici neft şirkətləri özlərini Azərbaycanda tam arxayın və əmin hiss edirlər. Kontraktın icrası nəticəsində Azərbaycan investisiya qoyuluşu üçün çox vacib ölkəyə çevrilmişdir. Kontrakt çərçivəsində 20 milyard dollardan çox investisiyaların qoyuluşu, eyni zamanda, qeyri-neft sektorunun inkişafına da böyük təkan verdi. Azərbaycanda yerli şirkətlər kontraktın icrasında fəal iştirak etməyə başlamışdır.
Kontraktın şərtlərinə əsasən Azərbaycan kadrlarının sayı da faiz etibarilə müəyyən edilmişdi. Azərbaycan mütəxəssislərinin sayı tədricən artdı. Bu gün bu layihədə iştirak edən mütəxəssislər, fəhlələr arasında Azərbaycan mütəxəssisləri, fəhlələri əksəriyyət təşkil edir.
Böyük investisiya layihələri Azərbaycanı dünya birliyinə tanıtdı. Ondan sonrakı dövrdə xarici neft şirkətləri ilə imzalanmış digər layihələr də Azərbaycana böyük uğurlar gətirdi.
Kontraktın müsbət nəticələri haqqında çox danışmaq olar. Mən qeyd etmək istəyirəm ki, bizim bugünkü inkişafımız, bugünkü nailiyyətlərimiz, Azərbaycanın həqiqətən müstəqil ölkə kimi dünya birliyinə qədəm qoyması böyük dərəcədə "Əsrin müqaviləsi"nin imzalanması ilə bağlıdır. Bu, çox cəsarətli və müdrik addım idi. Ulu öndər Heydər Əliyev tərəfindən atılan bu addım Azərbaycan xalqının rifah halının yaxşılaşmasına, Azərbaycanın hərtərəfli inkişafına xidmət edir. O çətin və ağır şəraitdə həm ölkə daxilində gedən çox mürəkkəb proseslər, eyni zamanda, Azərbaycanın ətrafında cərəyan edən mənfi meyillər Azərbaycanı çox ağır bir vəziyyətə qoya bilərdi. Əgər Heydər Əliyev cəsarət, uzaqgörənlik, müdriklik göstərməsə idi, Azərbaycan çox ağır vəziyyətə düşə bilərdi. Əgər kontrakt imzalanmasaydı indi təsəvvür etmək çətindir ki, Azərbaycanın bugünkü vəziyyəti necə ola bilərdi. Tam qətiyyətlə deyə bilərəm ki, bu gün biz indiki uğurlardan danışa bilməzdik.
Kontraktın icrası nəticəsində Azərbaycana dediyim kimi, milyardlarla, on milyardlarla xarici sərmayə qoyulmağa başlamışdı. Bizim bütün neft-qaz infrastrukturumuz yeniləşdi. Vaxtilə - 1970-ci illərdə Heydər Əliyev tərəfindən göstərilən təşəbbüslər nəticəsində yaradılmış infrastruktur kontraktın sürətlə icra olunmasına xidmət göstərirdi. Əgər vaxtilə dərin özüllər zavodu tikilməsə idi, kontraktın icrası çox yubana bilərdi. Deyə bilərəm ki, tarixdə ilk dəfə olaraq belə böyük, nəhəng investisiya qoyuluşunu tələb edən kontraktın imzalanmasından ilkin neftin hasilatına qədər cəmi 3 ildən az vaxt keçdi. Hesab edirəm ki, bu, dünya miqyasında misli görünməmiş sürətdir. Azərbaycanın coğrafi vəziyyəti belədir ki, bizim dünya bazarlarına birbaşa çıxışımız yoxdur. Belə olan halda neft kəmərlərinin tikintisi gündəlikdə birinci yeri tuturdu. Ancaq əlbəttə ki, neft kəmərlərinin tikintisinə investisiyaların qoyuluşu ancaq hasilatın artırılmasından sonra ola bilərdi. Bu iki prosesi paralel şəkildə aparmaq böyük məharət, böyük diplomatiya və böyük siyasi təcrübə tələb edirdi. Mən şadam ki, bu gözəl ənənələr bu gün də davam edir. Azərbaycan Dövlət Neft Şirkətinin və bp şirkətinin rəhbərliyi altında Beynəlxalq Konsorsium vahid komanda şəklində fəaliyyət göstərmiş və bütün prosesləri ardıcıllıqla və uğurla icra etməyi bacarmışdır.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi, istismara verilməsi ikinci tarixi hadisədir. Bu tarixi hadisə artıq təkcə Azərbaycan üçün deyil, region ölkələri üçün də böyük əhəmiyyət daşıyır. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əhəmiyyəti daha da artır. Çünki artıq Xəzər dənizinin şərq hissəsindən çıxarılan neft Bakı-Tbilisi-Ceyhan kəməri ilə Aralıq dənizinə nəql edilir. Artıq Azərbaycan başqa ölkələr üçün tranzit ölkəyə çevrilibdir. Düzdür, bizim çox böyük neft-qaz ehtiyatlarımız vardır. Biz Bakı-Tbilisi-Ceyhan kəmərini öz neftimizlə tam şəkildə doldura bilərik və bunu edirik. Amma bununla bərabər, gələcəkdə kəmərin genişləndirilməsi də mümkündür və bunu etmək üçün indidən praktiki işlər aparılır. Artıq Azərbaycan etibarlı tranzit ölkə kimi də dünya birliyinə özünü təqdim edə bilibdir.
Bakı-Tbilisi-Ceyhan neft kəməri ətrafında çoxlu spekulyasiyalar, çoxlu söhbətlər gəzirdi. Kəmərin çəkilməsini istəməyən tərəflər var gücü ilə çalışırdılar ki, biz buna nail ola bilməyək. Müxtəlif yerlərdə, internet saytlarında kampaniyalar aparılırdı. Xatırlayıram, "Bakı-Tbilisi-Ceyhan kampaniyası" adlı bir hərəkat da başlamışdı və buna ekoloji nöqteyi-nəzərdən yanaşmaq istəyənlər də az deyildi. Biz əlbəttə ki, bütün ekoloji məsələləri təmin edirik. Ancaq ekologiya adı altında kəmərin tikintisinə gizli və açıq şəkildə müxalif mövqedə dayanan tərəflər bu amildən istifadə etmək istəyirdilər və hətta onların səyləri müəyyən dərəcədə, müvəqqəti olaraq nəticə də vermişdi. Çünki Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi böyük dərəcədə xarici maliyyə qurumlarının resurslarından asılı idi. Bizim o qədər imkanımız yox idi ki, bu kəməri özümüz maliyyələşdirək. Belə olan halda müəyyən müddətdə yubanma da olmuşdur. Mən bunu da çox yaxşı xatırlayıram. Amma buna baxmayaraq, Azərbaycan dövlətinin iradəsi, xarici neft şirkətlərinin uğurlu fəaliyyəti, beynəlxalq dəstək nəticəsində Bakı-Tbilisi-Ceyhan neft kəməri müvəffəqiyyətlə tikildi, istismara verildi və bu gün Azərbaycan neftinin dünya bazarlarına çatdırılmasında mühüm rol oynayır.
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə qədər Azərbaycan nefti iki başqa istiqamətlə beynəlxalq bazarlara nəql edilməyə başlamışdı. Bakı-Novorossiysk neft kəmərinin istiqamətinin dəyişdirilməsi və Bakı-Supsa neft kəmərinin tikilməsi nəticəsində bizim neft ixracımız çoxşaxəli şəkildə dünya bazarlarına çıxarılır. Bu gün həm Bakı-Tbilisi-Ceyhan, həm Bakı-Supsa, həm Bakı-Novorossiysk Azərbaycan neftini müxtəlif istiqamətlərlə dünya bazarlarına çıxarır. Beləliklə, Azərbaycanın enerji təhlükəsizliyi tam şəkildə təmin olunub, Azərbaycan öz neft resurslarını çoxşaxəli əsaslarla dünya bazarlarına çıxarır. Şübhə yoxdur ki, əgər "Azəri-Çıraq-Günəşli" yataqlar bloku üzrə kontrakt imzalanmasaydı və Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi, Bakı-Tbilisi-Ərzurum qaz kəməri haqqında, ümumiyyətcə, söhbət belə gedə bilməzdi. 1996-cı ildə - "Əsrin müqaviləsi"nin imzalanmasından iki il sonra "Şahdəniz" qaz yatağı üzrə kontrakt imzalanmışdır və beləliklə, Azərbaycanın böyük qaz potensialına malik olduğu təsdiq edilmişdir. Bizim geoloqlarımız, təcrübəli mütəxəssislərimiz həmişə deyirdilər və bu gün də həyat onların haqlı olduğunu bir daha sübut edir ki, Azərbaycanın neftlə bərabər böyük, zəngin qaz ehtiyatları vardır. "Şahdəniz" yatağının işlənilməsi və böyük ehtiyatların üzə çıxması onu təsdiqləyir. "Şahdəniz" yatağının işlənilməsi nəticəsində Bakı-Tbilisi-Ərzurum qaz kəməri tikildi. Azərbaycan öz qazını bu kəmər vasitəsilə dünya bazarlarına ixrac edir. Onu da qeyd etməliyəm ki, Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə bərabər, bizim əlavə üç qaz kəmərimiz vardır. Biri Rusiya istiqamətinə, biri Gürcüstan istiqamətinə, biri isə İran istiqamətinə. Bütün bu kəmərlərdən biz səmərəli şəkildə istifadə edə bilərik və beləliklə, qaz ixracatımızı çoxşaxəli şəkildə, Azərbaycanın milli maraqlarına uyğun olan formada dünya bazarına nəql edə bilərik. Beləliklə, bizim artıq yeddi neft-qaz kəmərimiz vardır. Bizim neft-qaz hasilatımız artır. Bu il neft hasilatı 45 milyon tondan çox olacaq, qaz hasilatı 30 milyard kubmetrə yaxın olacaqdır. Nəzərə alsaq ki, Azərbaycan artıq özünü tranzit ölkə kimi də təsdiqləyib, bu vaxta qədər bizim qarşımızda duran bütün vəzifələr uğurla icra edilib, gələcək illərdə bu rəqəmlər artacaqdır. Elə məsələ yoxdur ki, biz onu etmək istəyirdik, edə bilmədik. Bu gün Azərbaycanın enerji siyasəti artıq regional müstəvidən çıxıb qlobal müstəviyə daxil olubdur.
Azərbaycan neft-qaz ixrac edən etibarlı ölkə kimi dünya birliyi üçün daha önəmli olubdur. Biz bu gün enerji təhlükəsizliyi məsələlərində çox fəal iştirak edirik. Ötən əsrin 90-cı illərində, hətta 2000-ci ilin birinci yarısında enerji təhlükəsizliyi məsələləri haqqında o qədər də söz-söhbət yox idi. Son illər ərzində bütün dünya və Avropa gördü ki, bu məsələlər nə dərəcədə böyük əhəmiyyət kəsb edir. Azərbaycan öz tərəfindən bütün lazımi tədbirləri gördü, bütün neft-qaz infrastrukturunu xarici tərəfdaşlarla bərabər yaratdı və bu gün aparılan əlavə qazma işləri bizə böyük ümidlər verir. Müqavilənin icrası nəticəsində Azərbaycan Dövlət Neft Şirkəti beynəlxalq şirkətə çevrildi. Şirkətin çox böyük imkanları vardır. Artıq Azərbaycan Dövlət Neft Şirkəti özü dənizin dərin laylarında qazma işləri aparır və əminəm ki, növbəti kəşfiyyat işini də biz görəcəyik.
Xarici şirkətlərlə uğurlu əməkdaşlığımız bu gün də davam edir və çox əlamətdar haldır ki, bu yaxınlarda üç yeni yataq üzrə yeni kontraktlar imzalanmışdır. "Abşeron", "Asiman", "Şəfəq" yataqları artıq işə salınır və xarici şirkətlər Azərbaycanın neft-qaz potensialına öz diqqətini əsirgəmir. Azərbaycan dövləti isə öz növbəsində, xarici şirkətlərlə hər iki tərəf üçün səmərəli əməkdaşlığı davam etdirir. Azərbaycan Dövlət Neft Şirkəti öz imkanlarını ortaya qoyur və beləliklə, mən əminəm ki, növbəti illərdə Azərbaycanın neft-qaz potensialı haqqında yeni ümidverici rəqəmlər də səslənəcəkdir.
Qeyd etmək istəyirəm ki, bizim neft-qaz siyasətimiz 1994-cü ildə başlamışdır. Heydər Əliyevin neft strategiyası bu gün də davam edir. Dediyim kimi, biz artıq bu gün regional müstəvidən çıxıb qlobal məsələlərlə məşğuluq. Bununla bərabər, Azərbaycan öz islahatlarını bütün başqa sahələrdə davam etdirir. Əlbəttə ki, bizim maliyyə resurslarımız və təbii ehtiyatlarımız islahatların aparılması üçün daha da əlverişli şərait yaradır.
1994-cü ildə Azərbaycan kasıb bir ölkə idi. Bizim valyuta ehtiyatlarımız sıfır dərəcəsində idi. Bu gün Azərbaycanın valyuta ehtiyatları 18 milyard dollardan çoxdur. Son beş il ərzində Azərbaycanın dövlət büdcəsi 10 dəfədən çox artıbdır. 2003-2008-ci illərdə Azərbaycanda iqtisadiyyat, ümumi daxili məhsul 2,6 dəfə artıbdır. Bu, dünyada misli görünməmiş bir nəticədir. Son beş il ərzində Azərbaycanda 800 minə qədər yeni iş yeri açılmışdır ki, onların tam əksəriyyəti qeyri-neft sektorundadır. Yoxsulluq şəraitində yaşayanların sayı beş il ərzində 49 faizdən 13 faizə düşmüşdür. Bu da onu göstərir ki, Azərbaycanda neftdən əldə olunan gəlirlər ədalətli şəkildə bölünür. Azərbaycanda tam şəkildə şəffaflıq təmin edilibdir. 1999-cu ilin sonunda yaradılmış Azərbaycan Dövlət Neft Fondu çox müasir qurumdur, çox şəffaf təşkilatdır. Təsadüfi deyildir ki, Azərbaycan Dövlət Neft Fondu BMT-nin şəffaflıq üzrə mükafatı ilə təltif edilmişdir və Hasilat Sənayelərində Şəffaflıq Təşəbbüsünün fəal üzvüdür. Azərbaycan Dövlət Neft Fondunun təcrübəsi bir çox hallarda başqa yerlərdə də öyrənilir.
Azərbaycanda aparılan köklü islahatlar, eyni zamanda, beynəlxalq qurumların hesabatlarında da öz əksini tapır. 2008-ci ildə Dünya Bankı Azərbaycanı dünyada bir nömrəli islahatçı ölkə kimi tanıdı. Bu il Dünya İqtisadi Forumu rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 51-ci yerə layiq gördü. Bu da çox böyük nailiyyətdir. Bu onu göstərir ki, - biz bu məqsədə çatacağıq, - məqsədimiz inkişaf etmiş ölkələrin sırasına daxil olmaqdır. Bunu etmək üçün islahatlarımız davam etdirilməlidir. Neftdən əldə olunan gəlirlər təhsilə, səhiyyə məsələlərinin həllinə, qaçqınların yeni evlərə köçürülməsinə sərf olunur. Yeni müasir infrastruktur, sahibkarlığa kömək, güzəştli kreditlərin verilməsi, hərtərəfli inkişaf - budur Azərbaycanın reallıqları. Baxmayaraq ki, dünyada hökm sürən maliyyə böhranı Azərbaycandan da yan keçməyib, bu ilin səkkiz ayında Azərbaycan iqtisadiyyatı 5 faiz artıbdır. Baxmayaraq ki, neftin qiyməti kəskin şəkildə aşağı düşüb, bu onu göstərir ki, Azərbaycan iqtisadiyyatı neft-qaz amilindən öz asılılığını artıq böyük dərəcədə aşağı sala bilibdir.
Bugünkü Azərbaycan müasir ölkədir, güclü iqtisadiyyata malik ölkədir, sabit ölkədir, investisiyalar üçün çox məqbul ölkədir. Xarici tərəfdaşlarla bizim əməkdaşlığımız davam edir və bu, çox sevindirici haldır. Biz öz sözümüzə həmişə sadiq olmuşuq, sözümüzlə əməlimiz arasında heç vaxt fərq olmamışdır. Ona görə Azərbaycan dünyada etibarlı tərəfdaş və dost ölkə kimi tanınır.
Mən bu gün bir daha bütün Azərbaycan xalqını bu gözəl hadisə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Azərbaycan neftçilərini qarşıdan gələn peşə bayramları münasibətilə təbrik etmək istəyirəm. Bilirsiniz ki, Azərbaycan qədim neft ölkəsidir. İlk dəfə olaraq dünyada sənaye üsulu ilə neft məhz Azərbaycanda çıxarılıbdır. İlk dəfə olaraq dünyada dənizdə neft məhz Azərbaycan neftçiləri tərəfindən çıxarılıbdır. Yəni Azərbaycan neftçilərinin çox böyük tarixi var, şanlı tarixi var, çox böyük təcrübəsi vardır. Ancaq neftçilər günü Azərbaycanda sentyabrın 20-də qeyd olunur. Bu, "Əsrin müqaviləsi"nə dövlət tərəfindən verilən qiymətdir. Çünki "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın neft sənayesinin qarşısında yeni imkanlar açmışdır.
Mən bu gün həm Azərbaycan neftçilərinə öz minnətdarlığımı bildirmək istəyirəm, onları təbrik etmək istəyirəm. Həm də bizim xarici tərəfdaşlarımıza, beynəlxalq konsorsiumun üzvlərinə və xüsusilə bp şirkətinin bütün əməkdaşlarına Azərbaycana verdikləri töhfələrə görə, Azərbaycana inandıqlarına, sərmayə qoyduqlarına və uzun illər ərzində səmərəli əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, Azərbaycan Neft Şirkətinin gələcəkdə bütün xarici şirkətlərlə əməkdaşlığı uğurla davam edəcək, Azərbaycana yeni imkanlar açacaq, ölkəmiz güclənəcək, qüdrətlənəcək və uğurla irəliyə gedəcəkdir.

Xəbər lenti

Xəbər lenti