...

Türkdilli dövlətlər arasında heç vaxt siyasi birlik olmayıb - Türkiyənin keçmiş prezidenti

Siyasət Materials 21 Oktyabr 2009 12:27 (UTC +04:00)
"Türkdilli dövlətlər arasında heç vaxt siyasi birlik olmadığını nəzərə alsaq, bu ölkələrin Avropa İttifaqı kimi birliyinin yaradılması hələ ki, real deyil", - Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl Qazaxıstanın "Liter" qəzetinə müsahibəsində deyib.
Türkdilli dövlətlər arasında heç vaxt siyasi birlik olmayıb - Türkiyənin keçmiş prezidenti

Qazaxstan, Astana, 21 oktyabr / Trend , K.Konırova/

"Türkdilli dövlətlər arasında heç vaxt siyasi birlik olmadığını nəzərə alsaq, bu ölkələrin Avropa İttifaqı kimi birliyinin yaradılması hələ ki, real deyil", - Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl Qazaxıstanın "Liter" qəzetinə müsahibəsində deyib.

"Bu gün türkdilli respublikalar öz əlaqələrini müxtəlif sahələrdə: iqtisadiyyat, mədəniyyət, təhsil, siyasət sahələrində inkişaf etdirən ölkələrdir",  -1993-2000-ci illərdə Türkiyə prezidenti olmuş Dəmirəl deyib. "Amma onlar arasında heç vaxt siyasi birlik olmayıb və güman etmirəm ki, indiki tarixi dövrdə bu mümkün olsun. Hər şeyə düşüncə ilə yanaşmalıyıq", - o əlavə edib.

Onun fikrincə, digər türkdilli dövlətlər kimi Türkiyə və Qazaxıstan da sıx əlaqələr qurmalı, öz ölkələrinin inteqrasiyası üçün çalışan mətbuatı təşviq etməlidirlər.

"Türk respublikaları - müstəqil ölkələrdir, heç biri digərindən yüksəkdə deyil və burada heç kəs heç kəsin böyük qardaşı deyil. Bizi yalnız dostluq münasibətləri birləşdirməlidir", - o deyib.

Türkiyə öz yaxın qonşuları ilə yaxşı münasibət saxlayaraq, türkdilli ölkələrin inteqrasiyası üçün çalışır. Bu da öz növbəsində həmin ölkələrdəki özəl sektorların biznes və ticarət sahələrində inkişafına imkan yaradır.

"Bu yaxınlarda Naxçıvanda Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan prezidentləri ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün razılıq imzalayıblar. Əgər Qazaxıstan barədə ayrıca danışsaq, sözsüz ki, bu ölkə bizim üçün daha əhəmiyyətli tərəfdaşlardan biridir", - Dəmirəl deyib.

"Qazaxıstan-Türkiyə münasibətlərini daha da yüksəltməliyik. Belə ki, son yüz ildə bu qohum xalqlar bir-birindən uzaqlaşıblar", - o deyib.

"Bu gün bu hal dözülməzdir. Bizim xalqlarımızın yaxınlaşmaq hədəflərini nəzərə almamaq haqqımız yoxdur. Qazaxlar və türklər dost olmalıdırlar. Xalqın bu istəyinə cavab verməyən hakimiyyət son nəticədə dəyişdiriləcək. Xalq onu dəyişdirəcək", -Türkiyənin keçmiş prezidenti qeyd edib.

Xəbər lenti

Xəbər lenti