...

Azərbaycanda Milli Müqavimət Hərəkatının fəaliyyətinin bərpa olunmasına ehtiyac var - deputat

Siyasət Materials 24 Oktyabr 2009 11:46 (UTC +04:00)
"Eks-prezident Əbülfəz Elçibəyin təşəbbüsü ilə yaradılan hərəkatın yenidən fəaliyyətə başlaması üçün bir neçə dəfə belə təşəbbüslər olsa da, indi bunun üçün daha əlverişli şərait yaranıb", - şənbə günü Trend News-a Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirib.
Azərbaycanda Milli Müqavimət Hərəkatının fəaliyyətinin bərpa olunmasına ehtiyac var - deputat

Azərbaycan, Bakı, 24 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentində müxalifəti təmsil edən deputat Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı Milli Müqavimət Hərəkatının fəaliyyətinin yenidən bərpa edilməsinə ciddi ehtiyac olduğunu düşünür.

"Eks-prezident Əbülfəz Elçibəyin təşəbbüsü ilə yaradılan hərəkatın yenidən fəaliyyətə başlaması üçün bir neçə dəfə belə təşəbbüslər olsa da, indi bunun üçün daha əlverişli şərait yaranıb", - şənbə günü Trend -a Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirib.

Trend -un arayışı: 1988-1991-ci illərdə Azərbaycanın müstəqilliyinin bərpası üçün Milli Müqavimət Hərəkatı fəaliyyət göstərib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Hüseynin sözlərinə görə, Dağlıq Qarabağ probleminin nizamlanması üçün Azərbaycanın maraqlarına zidd təkliflərə cəmiyyətin etirazını müəyyən etmək məqsədi ilə yaradılacaq hərəkat başqa cür də adlandırıla bilər.

"Bizim məqsədimiz ölkənin həm siyasi qüvvələr, həm qeyri-hökumət təşkilatları, tanınmış ziyalılar, eləcə də Qarabağ müharibəsi veteranları, şəhid ailələri, işğal altında olan ərazilərin nümayəndələrindən ibarət ictimai səfərbərliyi təşkil etməkdir", - millət vəkili əlavə edib.

Onun fikrincə, bu səfərbərliyə nail olmağın ən məqbul variantı Milli Müqavimət Hərəkatının (MMH) fəaliyyətinin yenidən bərpası ola bilər. "Mən hətta düşünürəm ki, bu funksiyanı Xalq Cəbhəsi kimi bir hərəkatı təsis etməklə də yerinə yetirmək olar. Amma siyasi qüvvələr arasında fikir ayrılıqları daha çox olduğundan MMH daha sərfəli variantdır", - Hüseyn vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti