...

Azərbaycan Parlamentinin deputatları bayraqla bağlı qanuna dəyişikliklərin edilməsini zəruri sayırlar

Siyasət Materials 29 Oktyabr 2009 15:22 (UTC +04:00)
“Türkiyənin bayraqlarla bağlı qanununda hər hansı ərazidə yalnız bu ölkənin öz bayrağının asılması haqda müddəa yoxdur, ona görə düşünürəm ki, Azərbaycanda da bu məsələni qaydaya salmaq olar”, - cümə axşamı Trend News-a Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun həmsədri Nizami Cəfərov bildirib.
Azərbaycan Parlamentinin deputatları bayraqla bağlı qanuna dəyişikliklərin edilməsini zəruri sayırlar

Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin depuatatları bayraqla bağlı qanuna müəyyən dəyişiklik edilməsinin tərəfdarıdırlar.

"Türkiyənin bayraqlarla bağlı qanununda hər hansı ərazidə yalnız bu ölkənin öz bayrağının asılması haqda müddəa yoxdur, ona görə düşünürəm ki, Azərbaycanda da bu məsələni qaydaya salmaq olar", - cümə axşamı Trend -a Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun həmsədri Nizami Cəfərov bildirib.

Trend -un arayışı: Oktyabrın 14-də Bursada Türkiyə-Ermənistan futbol matçı zamanı Azərbaycan bayraqları təhqir olunub. Bununla bağlı rəsmi Bakı Türkiyənin Azərbaycandakı səfirliyinə rəsmi etirazını bildirib. Azərbaycanın mövcud qanunvericiliyinə əsasən, Türkiyənin Şəhidlər Xiyabanındakı bayrağı götürülüb. Oktyabrın 27-də isə bayraqlar yenidən Şəhidlər Xiyabanına qaytarılıb.

Cəfərovun sözlərinə görə, qanunun qəbulu zamanı Azərbaycanda Türkiyədə olduğu kimi bayrağa yüksək hörmət yox idi.

"Bu səbəbdən biz kəskin qanun qəbul etdik. Amma bununla yanaşı müəyyən münasibətlərə görə güzəştə getmək olar. Ona görə qanunda da müəyyən dəyişikliklər edilməsi mümkündür və məsələ mütləq Milli Məclisdə müzakirə olunmalıdır", - millət vəkili əlavə edib.

Onun fikrincə, reallıqlara, beynəlxalq və regional münasibətlərə görə hansısa məqamda müəyyən korrektələr edilməsi zərurətə çevrilir.

"Biz də həmin reallıqlara uyğunlaşmalıyıq. Ona görə bayraqlar haqda qanuna da müəyyən düzəlişlər etmək olar. Azərbaycanda türk əsgərlərinin dəfn olunduğu məzarlıqlarda Türkiyənin bayrağının dalğalanması ənənəyə çevrilib. Biz bu gerçəkliyi də istər-istəməz nəzərə almalıyıq", - Cəfərov qeyd edib.

"Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında" qanuna dəyişiklik edilməsinin tərəfdarıyam", - cümə axşamı Trend -a Milli Məclisin deputatı Gültəkin Hacıbəyli bildirib.

Hacıbəylinin sözlərinə görə, xarici dövlətlərin bayaraqlarının istifadəsi haqqında qaydalar Türkiyə bayrağına şamil edilməyə bilər.

"Bizim "Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadəsi qaydaları haqqında" qanun layihəsinə təklif etdiyimiz əlavə və dəyişikliklərlə bağlı layihəmiz Milli Məclisin Aparatında qeydə alınıb", - cümə axşamı Trend -a Müsavat Partiyası deputat qrupunun üzvü Pənah Hüseyn bildirib.

Hüseynin sözlərinə görə, qanunvericilikdə bu cür təkliflərə altı ay ərzində baxılması nəzərdə tutulur.

"Prezidentin, eləcə də bir neçə başqa qanunvericilik təşəbbüsləri isə təcili sayılırsa, onlara uzağı 40 gün ərzində baxılır. Bayraqlarla bağlı dəyişikliyin bizim müəllifliyimizlə müzakirəyə çıxarılması o qədər də əhəmiyyətli deyil. Azərbaycan Prezidenti, Milli Məclisin müvafiq komitələri də bu məsələni qaldıra bilərlər", - millət vəkili əlavə edib.

Onun fikrincə, qanunda bir çox hadisələrin qarşısının alınmasını nəzərdə tutan düzəlişə ciddi ehtiyac var.

"Qanunun 2-ci və 3-cü maddələrindəki "müvafiq icra hakimiyyətinin müəyyən etdiyi digər yerlərdə" ifadəsi çıxarılmaqla Türkiyənin bayrağı ilə bağlı yaşanan narazılıqlarla bir daha üzləşməmək olar", - Hüseyn vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti