...

Müsavat başqanının "Yeni Müsavat" qəzetinin təsisçiliyindən imtina etməsi müxalifətçilik mövqeyimizə təsir etməyəcək - baş redaktor

Siyasət Materials 9 Noyabr 2009 13:10 (UTC +04:00)
“Dəyşiklik etmək ona görə mümkün deyil ki, qəzetdə ancaq partiyanın başqanı İsa Qəmbərin imzası gedirdi, qəzetin fəaliyyətinə, kursuna heç bir müdaxilə etmirdi”, - bazar ertəsi Trend News-a “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib.
Müsavat başqanının "Yeni Müsavat" qəzetinin təsisçiliyindən imtina etməsi müxalifətçilik mövqeyimizə təsir etməyəcək - baş redaktor

Azərbaycan, Bakı, 09 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın "Yeni Müsavat" qəzetinin baş redaktoru Müsavat Partirasının başqanının qəzetin təsisçiliyindən imtina etməsinin qəzetin fəaliyyətinə təsir etməyəcəyini düşünür.

"Dəyşiklik etmək ona görə mümkün deyil ki, qəzetdə ancaq partiyanın başqanı İsa Qəmbərin imzası gedirdi, qəzetin fəaliyyətinə, kursuna heç bir müdaxilə etmirdi. Qəzet müstəqil olub, kursunu isə kollektivlə birgə mən müəyyənləşdirmişəm. Bu proses davam edəcək, tənqidçi və müxalifət mövqeyində qalacağıq. Müsavat Partiyası və onun başqanı ilə münasibətlərimiz də əvvəlki kimi, bəlkə də daha yaxın olacaq", - bazar ertəsi Trend -a "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib.

Trend -un arayışı: Noyabrın 8-də "Yeni Müsavat" qəzetinin 20 illik yubileyi keçirilib. Müsavat Partiyasının başqanı İsa Qəmbər "Yeni Müsavat"ın təsisçiliyindən imtina etdiyini bildirib. O, qərarının yaxın günlərdə rəsmiləşəcəyini söyləyib və qəzetə gələcək fəaliyyətində uğurlar arzulayıb.

İsa Qəmbər 1989-cu il noyabrın 10-da yaradılmış "Yeni Müsavat"a 1993-cü ildən təsisçilik edirdi.

Arifoğlunun sözlərinə görə, 20 ildə qəzet təxminən 17 il yarım Qəmbərin təsisçiliyi ilə çıxıb. Müsavat Partiyasının fəaliyyəti ilə bağlı bundan sonra tənqidlərə daha çox yer verilməsinə gəldikdə, baş redaktor deyib ki, Qəmbər təsisçi olanda da bu partiyanı ən çox tənqid edən "Yeni Müsavat" olub.

"Biz lazım olanda partiyanı, eləcə də ayrı-ayrı funksionerlərini obyektiv tənqid etmişik. İsa bəyi, demokratik düşərgənin digər təmsilçilərini mediadakı tənqidlərə nə qədər dözümlü olmaqda sınamışıq. Bundan sonra fərqli yanaşma olacağını düşünmürəm", - Arifoğlu vurğulayıb.

Baş redaktor ehtiyac yaranacağı halda yenə müxalifət düşərgəsinin tənqid olunacağını istisna etməyib.

"Amma müxalifət düşərgəsinə yönəlik tənqidin əsas fəlsəfəsi onların niyə hakimiyyətə gələ bilməməsindən ibarətdir. Onların tənqid olunacaq başqa fəaliyyət sahəsi yoxdur", - Arifoğlu xatırladıb.

Müsavat Partiyası 1911-ci ilin oktyabrında Bakıda yaradılıb. Müsavat Partiyasının (Bərpa) Qurultayı 1992-ci il noyabrın 7-də Bakıda Respublika sarayında keçirilib. Gizli səsvermənin yekunları əsasında Qəmbər əksəriyyət səslə Müsavat Partiyasının başqanı seçilib.

Qəmbər Аzərbаycan Pаrlаmеntinin еks-spikеri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Pаrtiyа 4 nəfər deputatla parlamentdə təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti