...

Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

Siyasət Materials 26 Noyabr 2009 20:32 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.
Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib. Məlumatı cümə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Hörmətli həmvətənlər! Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm", - təbrikdə deyilir.

Prezident İlham Əliyev qeyd edib ki, İslamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə təcəssüm etdirən mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah və din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, Uca Tanrıya yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər.

"Azərbaycan müsəlman dünyasının ayrılmaz parçasıdır və tarixən islam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş etmişdir. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətində qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayışın, əmin-amanlığın və dözümlülük mühitinin formalaşmasında islam dininin də müstəsna rolu olmuşdur", - İlham Əliyev deyib.

Azərbaycan Prezidenti bildirib ki, xalqımız öz milli-mənəvi dəyərlərinə və ənənələrinə həmişə ehtiramla yanaşır, bütün dini mərasimlər, o cümlədən Qurban bayramı hər il böyük təntənə ilə qeyd olunur. Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, xalqımızın və dövlətimizin əmin-amanlığı və firavanlığı üçün dualar edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur.

İlham Əliyev builki Qurban bayramının da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəyinə əmin olduğunu bildirib.

"Əziz bacı və qardaşlarım! Bu müqəddəs bayram günlərində bir daha hər birinizə cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. Qurban bayramınız mübarək olsun!", - Azərbaycan Prezidenti deyib.

Xəbər lenti

Xəbər lenti