Azərbaycan Prezidenti İlham Əliyev Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləzizi ölkənin milli bayramı - Müstəqillik günü münasibətilə təbrik edib. Məlumatı cümə axşamı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
"Ümidvaram ki, Azərbaycan-Mavritaniya münasibətləri daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir", təbrik məktubunda deyilir.
İlham Əliyev Məhəmməd Uld Əbdüləzizə ən xoş arzularını yetirib, dost Mavritaniya xalqına əmin-amanlıq və rifah diləyib.
Dövlət başçısı həmçinin Albaniya Prezidenti Bamir Topiyə ölkənin milli bayramı - Bayraq günü münasibətilə təbrik məktubu ünvanlayıb.
"Ümidvaram ki, Azərbaycan ilə Albaniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək", - məktubda qeyd edilir.
İlham Əliyev alban həmkarına bu əlamətdar gündə möhkəm cansağlığı, işlərində uğurlar, dost Albaniya xalqına sülh və tərəqqi arzulayıb.