...

İran fevralın 1-dən Azərbaycanla vizasız rejimin icrasına başlayacaq

Siyasət Materials 2 Yanvar 2010 20:55 (UTC +04:00)
İran fevralın 1-dən Azərbaycanla vizasız rejimin icrasına başlayacaq, İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Abbas İskəndəri Trend News-a bildirib.
İran fevralın 1-dən Azərbaycanla vizasız rejimin icrasına başlayacaq

Azərbaycan, Bakı, 02 yanvar / Trend , müxbir T.Cəfərov/

İran fevralın 1-dən Azərbaycanla vizasız rejimin icrasına başlayacaq, İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Abbas İskəndəri Trend -a bildirib.

"12 bəhmən (1 fevral) İran İslam inqilabının 31-ci il dönümünə həsr olunmuş təbirlərin başlanması ilə Azərbaycan vətəndaşlarının İrana vizasız gediş-gəlişinin icrası başlanacaq", Abbas İskəndəri deyib.

Əvəllər İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami demişdir ki, istənilən Azərbaycan vətəndaşı İrana vizasız gedə, orada 1 ay müddətində qala bilər.

"İstənilən Azərbaycan vətəndaşı İrana vizasız gedə, orada 1 ay müddətində qala bilər. Əgər Azərbaycan vətəndaşlarına lazımdırsa, bir ay qalandan sonra vətənə dönüb yenidən İrana qayıda bilərlər", - deyə Bəhrami bildirib.

O əlavə edib ki, əgər bu təcrübə müsbət nəticə versə, İran tərəfi bu müddəti 3 aya kimi uzatmağı da planlaşdırır.

Bəhrami deyib ki, 2009-ci ilin 9 ayı ərzində Azərbaycandan İrana 35 min nəfər səfər edib.

"Viza rejimi ləğv olsa da, İrana səfər etmək istəyən azərbaycanlılardan Hepatit və AIDS üzrə analizlər götürüləcək. Ola bilsin, həmin proses də sadələşdirilsin", - deyə Bəhrami deyib.

Səfir ümidvar olduğunu deyib ki, Azərbaycan da öz növbəsində İran vətəndaşlarının Azərbaycana vizasız gəlmələri haqda qərar verəcək.

Xəbər lenti

Xəbər lenti