...

Azərbaycanda son illər mütəşəkkil cinayətkar dəstələr tərəfindən törədilən narkoqaçaqmalçılıq halları çoxalıb - DGK

Siyasət Materials 16 Yanvar 2010 13:34 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin ötən ilin yekunları ilə bağlı yaydığı hesabatında qeyd olunub ki, 2009-cu ildə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 mütəşəkkil cinayətkar dəstə və narkoqrup aşkar olunaraq zərərsizləşdirilib.
Azərbaycanda son illər mütəşəkkil cinayətkar dəstələr tərəfindən törədilən narkoqaçaqmalçılıq halları çoxalıb - DGK

Azərbaycan, Bakı, 16 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda son illər mütəşəkkil cinayətkar dəstələr tərəfindən törədilən narkoqaçaqmalçılıq halları çoxalıb.

Dövlət Gömrük Komitəsinin (DGK) ötən ilin yekunları ilə bağlı yaydığı hesabatında qeyd olunub ki, 2009-cu ildə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 13 mütəşəkkil cinayətkar dəstə və narkoqrup aşkar olunaraq zərərsizləşdirilib.

8 may 2009-cu ildən 10 iyul 2009-cu ilə qədər olan dövrdə həyata keçirilmiş kompleks əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 6 transmilli mütəşəkkil cinayətkar dəstə ifşa olunub, onlardan 50 kq-dan artıq güclü təsirli narkotik vasitə olan heroin götürülüb.

Bu tədbirlər zamanı Pakistan Nigeriya narkoişbazları tərəfindən təşkil olunmuş, Pakistan-İran-Azərbaycan marşrutu, daha sonra isə Çin İtaliyaya narkotiklərin daşınması üzrə böyük bir narkokanal aşkara çıxarılıb.

Bu kanalla xüsusi düzəldilmiş gizli saxlanc yerlərində narkotik keçirməyə cəhd göstərən 15 nəfər, o cümlədən 7 Pakistan, 3 Özbəkistan, 1 Nigeriya, 2 Azərbaycan, 1 Litva, 1 Kamboca vətəndaşı (9 kişi, 6 qadın) tutularaq məsuliyyətə cəlb olunub.

2009-cu il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 65 fakt aşkar olunub və bu faktlar üzrə 319 kq 907 qram narkotik, o cümlədən 208 kq 825 qram həşiş, 61 kq 870 qram heroin, 48 kq 885 qram tiryək, 326,92 qram marixuana, 1 kq 982 qram psixotrop maddə (ampul, kapsul və həb şəklində), 1,65 qram metadon, 10,819 qram metamfetamin maddəsi əldə olunub. Bu faktlar üzrə 66 nəfəri kişi, 15 nəfəri qadın olmaqla, ümumilikdə 81 nəfər məsuliyyətə cəlb edilib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar tutulan şəxslərin 39-u Azərbaycan, 17-si İran, 7-si Pakistan, 6-sı Rusiya, 4-ü Özbəkistan, 2-si Nigeriya, 2-si Türkiyə, 1-i Gürcüstan, 1-i Hindistan, 1-i Litva, 1-i Kamboca vətəndaşlarıdır.

2009-cu ildə aşkar olunmuş faktların və əməliyyat məlumatlarının təhlili göstərir ki, narkoqaçaqmalçılar ən çox İran-Azərbaycan-Rusiya və İran-Azərbaycan-Çin marşrutundan istifadəyə cəhd ediblər.

Xəbər lenti

Xəbər lenti