...

Hindistan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini dəstəkləyir və bu mövqeyimiz dəyişməz olaraq qalır – səfir Debnat Şou (MÜSAHİBƏ)

Siyasət Materials 26 Yanvar 2010 09:00 (UTC +04:00)

Trend -un Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Debnat Şou ilə Hindistanin Respublika gunu ərəfəsində müsahibəsi

Azərbaycan, Bakı, 25 yanvar / Trend , müxbir S.Ağayeva/

- Cənab səfir, ikitərəfli əlaqələrin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz və sizin Azərbaycandakı fəaliyyətinizin əsas prioritetləri hansılardır?

- İkitərəfli əlaqələrin hazırkı vəziyyəti təəssüf ki, mövcud potensiala cavab vermir. Son illər ərzində, yəni 2007-ci ildən sonra ikitərəfli münasibətlərdə bir sıra zəifləmələr müşahidə edildi. Rəsmi səfərlər, əlaqələr olmadı və biz vəziyyəti bir qədər dəyişməyi qərara aldıq. Keçən il Nyu Dehlidə iqtisadi-ticari, elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın ilk iclası keçirildi. Hökumətlərarası komissiyanın Azərbaycan tərəfdən həmsədri rolunda ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov çıxış edir. Komissiyanın tərkibinə Azərbaycanın müxtəlif nazirlikləri və idarələrinin nümayəndələri daxildir.

Bu cür görüşlər iki ölkənin ticari-iqtisadi, turizm və mədəni sahələrdə əməkdaşlığının inkişafına kömək edir.

İki ölkənin iqtisadi sahədəki əməkdaşlığı son illərdə fəallaşıb. Hindistan 2007-ci ildən etibarən Azərbaycandan neft idxal etməyə başlayıb və elə bu vaxtdan bizim ticari əlaqələrimiz inkişaf etməyə başlayıb. 2009-cu ildə dünya maliyyə böhranına baxmayaraq, bizim ticari-iqtisadi əlaqələrimizdə stabillik müşahidə olunub. İki ölkənin işgüzar insanlarının müntəzəm qarşılıqlı səfərləri buna sübutdur.

Biz bu il səfirlik olaraq ikitərəfli əlaqələrin genişlənməsi üzrə təşəbbüslərlə çıxış etmişik və bunların nəticələri bu və növbəti illərdə nəzərə çarpacaq.

- Ölkələrimiz arasındakı ticari-iqtisadi əlaqələr hansı səviyyədədir? Hindistan ticari və iqtisadi tərəfdaş kimi Azərbaycana nələr təklif etməyə hazırdır?

- Ölkələrimiz arasındakı ticari əlaqə digər dövlətlərin əraziləri vasitəsilə həyata keçirilir. Biz Azərbaycanda kimyəvi məhsullar, o cümlədən yod alırıq.

Yaxın zamanlarda Azərbaycan kimyəvi məhsulların istehsalı üzrə yeni zavod inşa edəcək. Hindistan bu nəhsulların idxalında çox maraqlıdır. Hindistan hazırda Azərbaycana çay, dərman, tekstil, ət məhsulları ixrac edir. Bu siyahı genişlənməkdədir. Hindistan Azərbaycana istehsal avadanlığı və elektik cihazları da tədarük etməyə başlayıb.

Hindistan və Azərbaycan informasiya texnologiyaları sahəsində də uğurlu əməkdaşlıq edə bilər. Bir sıra Hindistan şirkətləri artıq bəzi Azərbaycan banklarının proqram təminatı sahəsində çalışır.

Hindistan Azərbaycanın neft-qaz sektorunun inkişafındakı təcrübəsi ilə də maraqlanır. Azərbaycanlı mühəndislər hələ keçən əsrin 50-60-cı illərində Hindistanın neft-qaz ehtiyatlarının tədqiqində iştirak ediblər. İnanıram ki, biz gələcəkdə bu sahədə əməkdaşlığı uğurla davam etdirəcəyik.

2005-2006-cı illərdə Azərbaycan və Hindistan arasındakı mal dövriyyəsi az olub. 2006-cı ildən etibarən isə onun artımı müşahidə edilir. Təkcə neft sektorundakı mal dövriyyəsi artıq ildə 100 milyon dollara çatıb.

2006-cı ildə "Bakı-Tbilisi-Ceyhan" boru kəmərinin istismara verilməsindən sonra Hindistan Azəri Light neft sortunun idxalına başlayıb. 2008-ci ildə Hindistan tərəfindən idxal edilən Azərbaycan neftinin dəyəri 2 milyard dollar təşkil edib. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə isə Hindistan 2008-ci ildə ölkənin ticari tərəfdaşları arasında dördüncü yeri tutub.

2009-cu ildə ölkələrimiz arasındakı mal dövriyyəsində müəyyən azalma müşahidə edilib.

- Azərbaycan biznesi Hindistanda təmsil olunurmu?

Deyə bilmərəm ki, Azərbaycan biznesi Hindistanda birbaşa təmsil olunur. Bu əsasən Azərbaycanın Hindistandakı səfirliyi vasitəsilə keçirilir. Lakin Hindistana iş vizası alan Azərbaycan vətəndaşlarının sayında artım müşahidə edilir. Məlumdur ki, Azərbaycan şirkəti Hindistanda süd məhsulları istehsalına başlayıb.

Azərbaycanlı biznesmenlər Hindistan bazarı ilə yaxından tanış olmalıdırlar.

- Azərbaycana gəldiyiniz ilk günlərdən özünüzü işgüzar insan kimi tanıtmısınız. Şübhəsiz ki, artıq həyata keçirilənlərdən əlavə digər planlarınız da var. Bunlar barədə danışa bilərsinizmi?

- Azərbaycanda fəaliyyətə başladığım ilk günlərdən etibarən köhnə layihələri canlandırmağa çalışmışam. Bu layihələr üzrə əvvəllər razılıq əldə olunub, lakin hansısa səbəblərdən həyata keçirilməyib. Məsələn, iqtisadi-ticari və elmi-texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiya 2007-ci ildə yaradılsa da iclas keçirilməyib. Biz keçən il komissiyanın ilk iclasının keçirilməsinə nail olmuşuq.

Siyasi dialoqun inkişafını fəaliyyətin ikinci istiqaməti hesab edirəm. Keçən il siyasi məsləhətləşmələr aparmağa nail olmuşuq. Elə sahələr var ki, onların inkişafı iki ölkə arasındakı hüquq-müqavilə bazasının olmasından asılıdır. Biz artıq hüquq-müqavilə bazasının genişlənməsi üzərində işlərə başlamışıq.

Hazırda iki ölkənin Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrə və hökumətlərarası komissiyanın fəaliyyətinə dair iki saziş layihəsi üzərində işlər görülür.

Həmçinin konsul fəaliyyətinə, Azərbaycan və Hindistan ərazisində yaşayan vətəndaşlarımıza hüquqi yardımın göstərilməsinə dair saziş layihələri hazırlanır.

İqtisadi sahədə ikiqat vergi qoyulmasından azad olmaq haqqında layihə hazırlanır. Bu layihə üzərindəki işlər artıq yekun mərhələdədir.

Biz turizm, kənd təsərrüfatı və başqa sahələrdə əməkdaşlıqları genişləndirmək niyyətindəyik. Bu günlərdə Dövlət Dillər Universitetində hind dili mərkəzi açılıb. Eyni zamanda, iki ölkənin strateji araşdırmalar mərkəzləri arasında əməkdaşlığın yaradılması üzərində də işləyirik.

Keçən il mədəniyət sahəsində əməkdaşlıq nəzərəçarpacaq dərəcədə fəallaşıb. Ötən il Hindistandan olan rəqs qrupu Azərbaycana səfər edib. Hindistandan olan müğənni beynəlxalq muğam festivalında iştirak edib.

Bizim böyük planlarımız var və biz onları həyata keçirməyə ümid edirik.

- Fikrinizcə, iki ölkə arasında siyasət sahəsində, xüsusilə də Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında əməkdaşlığın inkişafı üçün səmərəli şərait mövcuddurmu? Rəsmi Dehli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında hansı fikirləri dəstəkləyir?

- Hindistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin həlli üzrə çıxış edir. Bu mövqeyimiz dəyişməz olaraq qalır. Hindistan öz mövqeyini beynəlxalq səviyyədə də dəfələrlə təqdim edib.

Xəbər lenti

Xəbər lenti