...

Azərbaycan Parlamentinin üzvləri Koloradodakı həmkarları və bələdiyyə rəhbərləri ilə görüşüblər (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 26 Yanvar 2010 11:45 (UTC +04:00)
ABŞ-da səfərdə olan Azərbaycan Milli Məclisinin üzvləri Qənirə Paşayeva, Zahid Oruc, MM aparatının əməkdaşları Kolorado Ştatında Kolorado Baş Məclisi rəhbərliyi, Mojaritar palatanın rəhbəri Pol Vaysmen, palatanın nümayəndəsi Co Rays, senator Rolli Hiv və senator Brandon Şaffer, Kolorado Qanunverici Şurası rəhbərliyi və üzvləri ilə görüşlər keçiriblər.
Azərbaycan Parlamentinin üzvləri Koloradodakı həmkarları və bələdiyyə rəhbərləri ilə görüşüblər (ƏLAVƏ OLUNUB)

RED: Əlavəsi - Üçüncü abzasdan sonra Azərbaycan Parlamentinin üzvlərinin digər görüşləri əlavə olunub

ABŞ, Vaşinqton, 26 yanvar / Trend , müxbir N.Boqdanova/

ABŞ-da səfərdə olan Azərbaycan Milli Məclisinin üzvləri Qənirə Paşayeva, Zahid Oruc, MM aparatının əməkdaşları Kolorado Ştatında Kolorado Baş Məclisi rəhbərliyi, Mojaritar palatanın rəhbəri Pol Vaysmen, palatanın nümayəndəsi Co Rays, senator Rolli Hiv və senator Brandon Şaffer, Kolorado Qanunverici Şurası rəhbərliyi və üzvləri ilə görüşlər keçiriblər. Bu barədə millət vəkili Qənirə Paşayeva Trend -a xəbər verib.

Görüşlər zamanı nümayəndə heyəti üzvləri Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini 15 ildən artıqdır ki, işğal altında saxlaması, Xocalı soyqırımı, Ermənistanın işğal etdiyi torpaqlarda azərbaycanlılara məxsus tarixi-mədəni abidələri məhv etməsi, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan verməməsi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə əməl etməkdən imtina etməsi barədə ətraflı məlumat veriblər. Görüşlər zamanı amerikalılara Azərbaycan həqiqətləri barədə daha geniş məlumat əldə edə bilmələri üçün Heydər Əliyev Fondu və digər qurumlar tərəfindən hazırlanmış kitablar, videolar, filmlər təqdim olunub. Qeyd edək ki, Kolorado ştatı da erməni diasporunun aktiv fəaliyyət göstərdiyi bölgələrdən biridir və hətta burada qondarma erməni soyqırımı abidəsi qoymağa da nail olublar. Nümayədə heyəti üzvləri görüşləri zamanı ermənilərin 1918-ci ildə azərbaycanlılara qarşı soyqırım həyata keçirmələri ilə bağlı geniş məlumat veribllər. Azərbaycan nümayəndə heyəti üzvləri görüşlər zamanı bildiriblər ki, Azərbaycan xalqı ABŞ-ın siyasi və ictimai xadimlərindən sadəcə həqiqətləri bilməsini və ədaləti müdafiə etməsini gözləyirlər.

Görüşlər zamanı ABŞ-Azərbaycan münasibətlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, nümayədə heyəti üzvləri Azərbaycanda görülən işlər barəsində də ətraflı məlumatlar verib və görüşlərdə iştirak edən Kolorado ştatının senatorlarını və nümayəndələr palatası üzvlərini Azərbaycana dəvət ediblər.

Azərbaycan Parlamentinin ABŞ-da olan deputatları Koloradoda Xocalı soyqırımı abidəsinin qoyulması təklifi ilə çıxış ediblər.

Trend -un məlumatına görə, millət vəkili Qənirə Paşayeva və Zahid Oruc Kolorado ştatında Luisvil Meri Çak Şiş və Luizvil bələdiyyəsinin rəhbərliyi və üzvləri ilə görüşündə 1992-ci ildə müasir dünyanın gözü qarşısında Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş Xocalı soyqırımı ilə bağlı abidənin qoyulması təklifi ilə çıxış ediblər. Onlar bunu çox müsbət qəbul ediblər və müraciət olunarsa, münasib hüquqi addımlar atacaqlarına hazır olduqlarını bildiriblər. Bu məsələdə Koloradoda yaşayan azərbaycanlıların müraciətlərinin zəruri olduğunu diqqətə çatdırıblar.

Müzakirələr zamanı Luizvillə Azərbaycanın şəhərlərindən biri arasında qardaşlaşmanın aparılmasının vacibliyi də diqqət mərkəzində olub. Luizvil meri Azərbaycanla əməkdaşlığın genişlənməsinə böyük önəm verdiklərini vurğulayıb.

Milli Məclisin üzvləri və aparatın əməkdaşları daha sonra konqresmen Cared Polis ilə görüşüblər.

Görüş zamanı ABŞ Konqresinin Dağlıq Qarabağın separatçı erməni rejiminə birbaşa yardım ayırmasına Azərbaycan xalqının haqlı etirazı və narahatlığı da konqresmenin diqqətinə çatdırılıb. Vurğulanıb ki, konqres tərəfindən atılan bu cür addımlar Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatların obyektiv mövqe tutacağına da kölgə salır.

Nümayəndə heyəti üzvləri bildiriblər ki, Azərbaycan xalqı konqres tərəfindən atılan bu cür addımların gələcəkdə davam etməyəcəyini gözləyir və konqresmendən Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi istiqamətində səylər göstərilməsini xahiş ediblər.

ABŞ Konqresinin Azərbaycana qarşı qəbul etdiyi ədalətsiz 907-ci düzəliş də müzakirələr zamanı diqqət mərkəzində olub. Nümayəndə heyəti üzvləri konqresmenin diqqətinə Azərbaycana qarşı ədalətsiz olan bu düzəlişin aradan qaldırılmasının vacibliyini çatdırmaqla yanaşı, ondan bu ədalətsiz düzəlişin ləğvi istiqamətində səylərini gücləndirməyi xahiş ediblər.

Azərbaycan xalqının narahatlığını anlayışla qarşıladığını deyən konresmen nümayəndə heyəti üzvlərinin verdiyi məlumatların onun üçün əhəmiyyətli olduğunu vurğulayıb.

Deputatlar Azərbaycanda görülən işlər barəsində ətraflı məlumatlar verib və konqresmeni Azərbaycana səfərə dəvət ediblər. Dəvəti qəbul edən konqresmen Cared Polis Azərbaycan-ABŞ əməkdaşlığının inkişafı istiqamətində səylərini gücləndirəcəyini də vurğulayıb.

Xəbər lenti

Xəbər lenti