...

Azərbaycan Prezidenti Münhen Təhlükəsizlik Konfransının "Təbii sərvətlərin təhlükəsizliyi və dəyişən qlobal güc" mövzusunda müzakirələrində iştirak edib

Siyasət Materials 5 Fevral 2010 23:31 (UTC +04:00)
Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Münhen Təhlükəsizlik Konfransının "Təbii sərvətlərin təhlükəsizliyi və dəyişən qlobal güc" mövzusunda müzakirələrində iştirak edib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da tədbir iştirakçıları arasında olub.
Azərbaycan Prezidenti Münhen Təhlükəsizlik Konfransının "Təbii sərvətlərin təhlükəsizliyi və dəyişən qlobal güc" mövzusunda müzakirələrində iştirak edib

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Münhen Təhlükəsizlik Konfransının "Təbii sərvətlərin təhlükəsizliyi və dəyişən qlobal güc" mövzusunda müzakirələrində iştirak edib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da tədbir iştirakçıları arasında olub. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Münhen Təhlükəsizlik Konfransı son onilliklər ərzində dünyanın ən əsas təhlükəsizlik siyasəti tədbirinə çevrilib. Hər il dünyanın aparıcı siyasi xadimlərinin iştirak etdiyi bu konfransda intensiv olaraq indiki və gələcək təhlükəsizlik problemləri müzakirə olunur.

Dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələrinin, deputatların, mütəxəssislərin, KİV təmsilçilərinin iştirak etdiyi bu nüfuzlu konfransın əsas tədbirlərindən biri olan "Təbii sərvətlərin təhlükəsizliyi və dəyişən qlobal güc" mövzusunda müzakirələri açan moderator Freydrix Merz Azərbaycan Prezidenti İlham Əliyevə və digər qonaqlara minnətdarlıq edib.

Prezident İlham Əliyev iclasda çıxış edərək bildirib ki, hazırda enerji təhlükəsizliyi məsələləri dünyada böyük əhəmiyyət daşıyır.

İlham Əliyev deyib ki, neft hasil edən qədim ölkələrdən biri olan Azərbaycanda aparılmış düzgün siyasət nəticəsində nüfuzlu neft şirkətləri ilə irimiqyaslı layihələrin icrasına başlanılıb. 2007-ci ilədək qaz idxal edən Azərbaycan hazırda əsas qaz hasilatçılarından birinə çevrilir. Azərbaycanın enerjidaşıyıcıları müxtəlif istiqamətlərə nəql olunur. Bunun üçün boru kəmərləri infrastrukturu yaradılıb. Azərbaycan enerjidaşıyıcılarının nəqlində şaxələndirmə məsələlərinə böyük önəm verir.

Prezident İlham Əliyev Azərbaycanda enerjidaşıyıcılarından əldə edilən gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi istiqamətində görülən işlərdən danışıb.

Dövlətimizin başçısı ölkəmizin iqtisadiyyatının inkişafına toxunaraq bildirib ki, böhrana baxmayaraq, 2009-cu ildə də Azərbaycan inkişafını davam etdirib. Ötən il Azərbaycanda ümumi daxili məhsul 9 faizdən çox artıb.

Prezident İlham Əliyev bölgəmizdə sülhün, təhlükəsizliyin və əməkdaşlığın inkişafına ciddi maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışıb. Bildirib ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan ərazilərinin bir hissəsi işğal olunub, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Münaqişə yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll oluna bilər.

Müzakirələrdə Almaniyanın RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrosman, Fransanın AREVA şirkətinin baş icraçı direktoru xanım Ann Laverjon, ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberq, Rusiya Dövlət Duması sədrinin müavini Valeri Yazev mövzu ilə bağlı fikirlərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti