...

Əgər Azərbaycan NATO-ya üzvlükdə maraqlı olarsa, o zaman bunun üzərində işləmək olar - ABŞ-ın alyansdakı nümayəndəsi

Siyasət Materials 9 Mart 2010 17:50 (UTC +04:00)
"Əlbəttə, biz Azərbaycanı istədiyi nə varsa, onunla tanış etməyə hazırıq, çünki bizim tərəfdaşlığımız qarşı tərəfin nə istədiyindən asılıdır", - Devis Azərbaycanın alyansa daxil olması mümkünlüyünü şərh edərkən bildirib.
Əgər Azərbaycan NATO-ya üzvlükdə maraqlı olarsa, o zaman bunun üzərində işləmək olar - ABŞ-ın alyansdakı nümayəndəsi

Azərbaycan, Bakı, 9 mart / Trend , müxbir Ü.Sadıxova/

Əgər Azərbaycan NATO-ya üzvlükdə maraqlı olarsa, o zaman "biz bunun üzərində işləyə bilərik". Trend -a bunu ABŞ-ın NATO-dakı nümayəndəsi Cenifer Devis deyib. "Əlbəttə, biz Azərbaycanı istədiyi nə varsa, onunla tanış etməyə hazırıq, çünki bizim tərəfdaşlığımız qarşı tərəfin nə istədiyindən asılıdır", - Devis Azərbaycanın alyansa daxil olması mümkünlüyünü şərh edərkən bildirib.

Onun sözlərinə görə, NATO region ölkələri - Ermənistan, Gürcüstan və Azərbaycanla bərabər qaydada və sıx işləyir. "Biz sizin tərəfdaşlığınız vasitəsilə demokratik islahatlar, müdafiə sektorunda islahatlar aparmaqda maraqlıyıq. Azərbaycanın bu proqramlara verdiyi töhfə o deməkdir ki, Azərbaycan regional sülhə öz töhfəsini verir", - Devis deyib. "Azərbaycan NATO-nun çox mühüm strateji tərəfdaşıdır və NATO tərəfdaşlıq və üzvlük üçün hər kəsə əlini uzadır. Bizim qapılarımız üzvlük üçün açıqdır", - o bildirib.

Onun sözlərinə görə, stabil və demokratik dövlət artıq sülhpərvər sayılır. "Mən əlavə etmək istərdim ki, "General euroatlantic integration" proqramı Cənubi Qafqaz üçün müsbət haldır. Odur ki, biz tərəfdaşlarımızla Əfqanıstanda hərbi əməkdaşlıq sahəsində sıx işləmək istəyirik", - ABŞ nümayəndəsi vurğulayıb.

Azərbaycan və NATO arasında əməkdaşlığın əsası 1994-cü il mayın 4-də "Sülh naminə tərəfdaşlıq" proqramı - çərçivə sənədinin imzalanması ilə qoyulub. Azərbaycan bu proqrama ilk qoşulan ATƏT-in 27 üzv dövlətindən biridir.

Qarşılıqlı fəaliyyətin konkret istiqamətlərini müəyyən edən "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində rəsmi sənəd 1996-cı ilin aprel ayında imzalanıb. Hazırda Azərbaycan bu proqrama uyğun olaraq üzərinə qoyulmuş təxminən 50 tərəfdaş vəzifəni yerinə yetirir.

Azərbaycan Prezidenti İlham Əliyev 2005-ci il 3 avqust tarixində "Azərbaycan Respublikasının NATO ilə fərdi tərəfdaşlıq üzrə fəaliyyət planının təsdiq edilməsi haqqında" fərman imzalayıb.

Hazırda əməkdaşlıq fəaliyyət planının ikinci mərhələsi çərçivəsində həyata keçirilir.

Devis qeyd edib ki, ABŞ istəyir ki, ATƏT-in Minsk qrupu Ermınistanla Azərbaycan arasında sülhün bərqərar olmasında uğur əldə bilsin. "Lakin NATO bu prosesə cəlb olunmayıb. Ancaq biz Minsk qrupunun fəaliyyətini tam dəstəkləyirik və istəyirik ki, bu, uğurlu olsun, xüsusilə də nəzərə alsaq ki, ABŞ Minsk qrupunun həmsədr ölkələrindən biridir", - Devis bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti