...

"Azərbaycan" kitabı ölkəmizin təbiəti, tarixi, mədəniyyəti, dünəni və bu günü ilə tanışlıqdır - birinci xanım Mehriban Əliyeva

Siyasət Materials 18 Mart 2010 22:47 (UTC +04:00)
“Azərbaycan” kitabı ölkəmizin təbiəti, tarixi, mədəniyyəti, dünəni və bu günü ilə tanışlıqdır, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva cümə axşamı Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondunun layihəsi çərçivəsində hazırlanmış "Azərbaycan" nəşrinin təqdimat mərasimində deyib.
"Azərbaycan" kitabı ölkəmizin təbiəti, tarixi, mədəniyyəti, dünəni və bu günü ilə tanışlıqdır - birinci xanım Mehriban Əliyeva

"Azərbaycan" kitabı ölkəmizin təbiəti, tarixi, mədəniyyəti, dünəni və bu günü ilə tanışlıqdır, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva cümə axşamı Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondunun layihəsi çərçivəsində hazırlanmış "Azərbaycan" nəşrinin təqdimat mərasimində deyib. Məlumatı Azərtac Dövlət İnformasiya Agentliyi yayıb.

"Bu gün Heydər Əliyev Fondunun növbəti layihəsi - "Azərbaycan" adlı kitab sizin diqqətinizə təqdim olunur. Üç il bundan öncə ölkəmizin zəngin və bənzərsiz təbiətini əks etdirən fotoalbomun yaranmasını zəruri hesab edərək Heydər Əliyev Fondu bu layihəyə start vermişdi. Həmin zaman işçi qrup yaranmışdı. Onun tərkibində həm yerli, həm xarici mütəxəssislər, fotoqraflar fəaliyyətə başladı. Üç il ərzində ölkəmizin müxtəlif bölgələrində, şəhər və kəndlərində, dağ və düzənliklərində, meşə və çəmənliklərində, göl və çaylarında fotoçəkiliş aparıldı. Kitabın belə uzun müddət hazırlanması, ilk növbədə, fotoçəkiliş üçün ən əlverişli vaxtın və hava şəraitinin seçilməsi ilə bağlı idi. Eyni zamanda, biz gözəl ölkəmizin təbiətini ilin hər bir fəslində əks etdirməyə çalışmışıq. Bir sözlə, çox böyük, nadir bir fotomaterial toplandı, beş minə yaxın yeni fotoşəkil yığıldı. Kitabın nadirliyi ondan ibarətdir ki, bu gün sizə təqdim olunan nəşrdəki şəkillərin 80 faizi ilk dəfədir ki, işıq üzü görüb. Eyni zamanda, şəkillərin arasında o qədər çox əsl sənət əsəri var idi ki, biz kitabın təqdimatı ilə yanaşı, bu gün Azərbaycanın təbiətinə, Azərbaycana həsr olunmuş fotosərginin açılışını da keçirəcəyik", - Mehriban Əliyeva deyib.

Heydər Əliyev Fondunun prezidentinin sözlərinə görə, üç il ərzində çox ciddi, çoxşaxəli iş aparıldı.

"Üç il ərzində çox ciddi, çoxşaxəli iş aparıldı. Bir çox foto və digər materiallar toplandı. Növbəti mərhələdə əldə edilmiş materialları təhlil edərkən, kitabın tamamilə yeni bir konsepsiyası gündəmə gəldi. Biz düşündük ki, Azərbaycanın təbiətini onun tarixi, mədəniyyəti, keçmişi və bu günündən ayrı təqdim etmək o qədər də düzgün olmaz. Azərbaycanın ərazisində əsrlər boyu çox qüdrətli dövlət və sivilizasiyalar mövcud olub. Böyük İpək Yolu bizim ölkəmizdən keçib və əlbəttə, bütün bu mədəniyyətlər, bütün bu sivilizasiyalar ölkəmizdə izini qoyub. Bu izlərlə, bu naxışlarla, istər memarlıq abidələrində, istər tarixi və dini abidələrdə tanış olmaq mümkündür. Eyni zamanda, son illər Azərbaycanın dünyada misli olmayan inkişafını, onun yeni mənzərələrini, modern binaları, idman və konsert saraylarını, iş və turizm mərkəzlərini, bir sözlə, ölkəmizin müasir simasını da bu kitabda tapmaq mümkündür", - birinci xanım deyə bildirib.

Mehriban Əliyeva kitabin hazırlanmasında əməyi olan hər bir şəxsə təşəkkürünü bildirib.

"Bir sözlə, əziz dostlar, bu gün sizin diqqətinizə təqdim olunan tamamilə yeni bir formatlı "Azərbaycan" kitabı ölkəmizin təbiəti, tarixi, mədəniyyəti, dünəni və bu günü ilə tanışlıqdır. Kitab 11 bölmədən ibarətdir. İlk bölmə hamımız üçün əziz olan, dünyanın ən gözəl şəhərlərindən biri olan Bakıya həsr olunub. Digər bölmələrdə Azərbaycanın 10 iqtisadi-coğrafi regionuna aid ətraflı məlumatlar və regionların təbiətini, flora və faunasını əks etdirən şəkillər yerləşdirilib. Kitabın ilk variantı Azərbaycan dilində 2000 tirajla nəşr olunub. Yaxın gələcəkdə "Azərbaycan" kitabı bir sıra xarici dillərə, o cümlədən ingilis, fransız, alman, ərəb və çin dilinə tərcümə olunub böyük tirajla nəşr ediləcəkdir. Bu kitabı hazırlayarkən Heydər Əliyev Fondu bir sıra dövlət və hökumət qurumları ilə işbirliyi yaratmışdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya və Tarix institutları, AzərTAc informasiya agentliyi, Azərbaycan Milli Ensiklopediyası - bütün bu təşkilatlara bizə yardım etdiyinə görə dərin minnətdarlığımı bildirirəm. Kitabın hazırlanmasında əməyi olan hər bir şəxsə təşəkkürümü bildirirəm", - Mehriban Əliyeva deyib.

Azərbaycanın birinci xanımı hamını Novruz bayramı münasibətilə təbrik edib, möhkəm cansağlığı, uzun ömür, səadət və məhəbbət arzulayıb.

"Cənab Prezident, Siz həmişə olduğu kimi, öz tövsiyələrinizlə, öz məsləhətlərinizlə bizə çox kömək edirdiniz və gərgin iş proqramınızda vaxt ayırıb bu gün bizimlə olduğunuza görə Sizə xüsusi minnətdarlığımı bildirirəm. Əziz qonaqlar, inanıram ki, siz də bu kitabla tanış olub, onu layiqincə qiymətləndirəcəksiniz. Fürsətdən istifadə edərək mən sizin hamınızı Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, sizə möhkəm cansağlığı, uzun ömür, səadət və məhəbbət arzulayıram. Sonda mən dahi Heydər Əliyevin bir kəlamını xatırlamaq istərdim: "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam". Çox sadə, adi bir kəlmədir. Lakin doğma torpağına sonsuz qədər bağlı olan, Vətən yolunda ömrünü və canını qurban verən, bu yolda bir an da olsun belə əyilməyən insanın, böyük şəxsiyyətin dilindən çıxmış bu kəlam artıq tarixə yazılıb. Mənim arzum odur ki, bu kitabı vərəqləyən hər bir azərbaycanlı ürəyində məhz bu kəlamı söyləsin: "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam". Çox sağ olun", - Mehriban Əliyeva deyib.

Xəbər lenti

Xəbər lenti