Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir A.Hüseynbala/
Azərbaycanın müxalifət partiyasının rəhbəri hesab edir ki, yeni seçki blokunun yaradılması ilə bağlı təşəbbüslər baş tutmadığına görə, Parlament seçkilərində müstəqil iştirak etməyə üstünlük verirlər.
"Biz artıq partiyanın 11 nəfər üzvünün namizədliyinin irəli sürülməsi ilə bağlı qərar vermişik", - cümə axşamı Trend-ə Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.
Trend-in arayışı: Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundanəvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.
Əliyevin sözlərinə görə, Azərbaycan Demokrat Partiyasının təşəbbüsü ilə "Azadlıq" blokunda təmsil olunan partiyalarla birgə yaranacaq yeni seçki blokunda onlar da təmsil olunmaq istəyirdilər. "Amma bu blokun yaranması ilə bağlı müəyyən problemlər ortya çıxıb. Düşünürəm, vaxt gedir və yeni seçki bloku yaradılması təşəbbüsü baş tutmayacaq", - ALDP sədri əlavə edib.
Onun fikrincə, müxalifətin bir neçə partiyasının blok yarada bilməməsi seçkilərdə uğur əldə etməyi çətinləşdirsə də, ALDP-nin deputatlığa namizədləri ciddi problemlərlə üzləşməyəcəklər. "Biz şansı olmayan partiya üzvlərinin namizədliklərini irəli sürüb əlavə problemlərlə üzləşmək istəmirik. As sayda namizədlə seçkilərə qatılıb uğur qazanmaq şansımız isə var", - Əliyev vurğulayıb.
АLDP 1999-cu ildə yaradılıb. 2000-ci ildə partiyanın sədri Zakir Məmmədov vəfat etdikdən sonra, 2001-ci ildə ALDP ikiyə bölünüb. Valeh İbadov və Fuad Əliyev - hər ikisi ALDP adına iddia ediblər. 2004-cü ildə Ali Məhkəmənin qərarı ilə Fuad Əliyevin rəhbərlik etdiyi partiya ALDP kimi tanınıb və dövlət qeydiyyatından keçib.