Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Bakı Şəhər Baş Polis İdarəsi payızda keçiriləcək Parlament seçkiləri ilə əlaqədar vətəndaşları şəxsiyyət vəsiqələrini dəyişdirməyə çağırıb.
BŞPİ-nin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, sakinlərə təzə şəxsiyyət vəsiqəsinin alınması və müəyyən səbəblərdən qüvvədən düşmüş hesab edilən vəsiqələrin dəyişdirilməsində aktiv olmaq məsləhət görülüb.
Bakı Şəhər BPİ rayon polis idarələrinin qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətləri bu işi sürətləndirmək və vətəndaşlara hər cür kömək etmək üçün səfərbər olunublar.
Qanunvericiliyə görə, vətəndaş 16 yaşına çatdıqda şəxsiyyət vəsiqəsi almalıdır. 25, 35, 50 yaşına çatdıqda, soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti dəyişdikdə, şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, vəsiqə yararsız hala düşdükdə və ya itdikdə Şəxsiyyət Vəsiqəsini bir ay ərzində dəyişdirməlidir. Nəzərdə tutulmuş hallarda və müddətdə Şəxsiyyət Vəsiqəsi dəyişdirilmədikdə, qüvvədən düşmüş hesab edilir.
Qanunvericiliyə əsasən, Şəxsiyyət Vəsiqəsi hər bir vətəndaşın və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan vətəndaşlığını təsdiq edən sənədlər əsasında, ərazi üzrə Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi xidmətləri tərəfindən, müraciətdən ən geci 10 gün keçənədək verilir.
Trend-in arayışı: 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır.
16 yaşına çatmış Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə üç iş günü müddətinə verildikdə 5 manat; üç iş günündən sonrakı müddətdə verildikdə 1 manat; Azərbaycan vətəndaşlarına 25, 35, 50 yaşına çatdıqda, həmçinin onların soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti və hərbi vəziyyəti dəyişdikdə, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə görə 2 manat; Şəxsiyyət Vəsiqəsi vətəndaşın öz təqsiri üzündən itdikdə və ya yararsız hala düşdükdə, onun dəyişdirilməsinə görə 3 manat; Azərbaycan Respublikası vətəndaşlarının (eləcə də keçmiş SSRİ vətəndaşlarının) qeydiyyata alınmasına görə - 2 manat dövlət rüsumu ödənilməlidir.
Şəxsiyyət Vəsiqəsinin və pasportun itirilməsinə və ya qəsdən korlanmasına görə İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən on beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir.