Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Moskvanın və Bütün Rusiyanın patriarxı Kirilli qəbul etmişdir. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yaymışdır.
"Zati-müqəddəsləri, sizi Azərbaycanda ürəkdən salamlamaq istəyirəm. Ölkəmizə xoş gəlmisiniz. Nisbətən qısa müddətdə bu, sizin Azərbaycana ikinci səfərinizdir. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, sizin ölkəmizə xeyirxah münasibətinizin əyani göstəricisidir. Biz sizi Azərbaycanın böyük dostu, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına layiqli töhfə verən insan kimi tanıyırıq. Sizin Rusiyanın rifahı naminə, xalqlar arasında qlobal miqyasda əməkdaşlıq naminə fəaliyyətinizi izləyirik. Əlbəttə, ölkəmizə sizin növbəti səfəriniz geniş spektrli məsələlər barəsində fikir mübadiləsi aparmaq üçün növbəti imkandır" - dövlət başçısı Patriarx Kirilli qarşılayarkən demişdir.
Azərbaycan Prezidentinin sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında münasibətlər çox uğurla, dinamik inkişaf edir. Hər iki tərəf bu münasibətləri strateji tərəfdaşlıq münasibətləri kimi səciyyələndirir və bu ifadə bütün çoxşaxəli müştərək fəaliyyət sahəsini əhatə edir. Əlbəttə, bu münasibətlərdə xüsusən xalqlarımızın yanaşı yaşamasının, müştərək fəaliyyətinin, rus və Azərbaycan xalqları arasında ənənəvi dostluq münasibətlərinin çoxəsrlik tarixini nəzərə alsaq, xalqlar arasında münasibətlər xüsusi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev patriarx Kirillə, Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə, "Şərəf" ordenini təqdim etdi.
"Zati-aliləri, çox hörmətli cənab Prezident! Mənə Azərbaycanın dövlət ordenini təqdim etməklə məni layiq gördüyünüz bu yüksək şərəfə, həmişə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə ürəkdən təşəkkür etmək istərdim. Lakin ən başlıcası, Azərbaycan xalqının və MDB xalqlarının rifahı naminə əməyinizə görə Sizə təşəkkür etmək istərdim" - patriarx Kirill Azərbaycan dövlətinin başçısına təşəkkürünü bildirərək demişdir.
"Mən Moskvadan gəlmişəm və buna görə əlbəttə, Rusiya-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini xüsusi vurğulamaq istərdim. Bu sahədə Sizin töhfəniz olduqca qiymətlidir. Siz rəhmətlik valideyninizin, Rusiyanın böyük dostunun yeritdiyi xətti davam etdirirsiniz və biz bu münasibətlərin necə sürətlə inkişaf etdiyini görürük. Bu münasibətlərdə yeni dinamizm Sizin adınızla bağlıdır və mənim fikrimcə, xalqlarımız arasında tərəfdaşlıq, dostluq münasibətləri həm Qafqaz regionunda, həm də bütün dünyada sülhün qorunub saxlanması üçün çox böyük əhəmiyyət kəsb edir" - Moskvanın və bütün Rusiya Patriarxı Kirill demişdir.
O, dinlərarası münasibətlərdə İlham Əliyevin rolunu xüsusi olaraq vurğulamışdır. Patriarx demişdir ki, Azərbaycan dövlətində insanların əksəriyyəti islam dininə etiqad edir, lakin burada pravoslav və yəhudi icmaları da ənənəvi olaraq mövcuddur və Azərbaycanda heç vaxt dinlərarası münaqişələr olmamışdır.
"Müasir terminologiyadan istifadə etsək, bu gün tolerantlığın yüksək səviyyədə olduğunu deyərdik. Əvvəllər insanlar bu cür qəliz sözlər işlətmir, daha sadə danışırdılar. Biz birgə yaşayırıq, bayramlarımızı birgə qeyd edirik, bir-birimizin sevincini və kədərini bölüşürük" - Rus Pravoslav kilsəsinin başçısı demişdir.
Patriarx Kirill Azərbaycanın pravoslav icması adından Azərbaycan xalqının həyatına xas olan bu sülhsevərlik ruhuna görə, həm Azərbaycanın daxili həyatı üçün, həm də Azərbaycanın onu əhatə edən ölkələrlə, dünyanın bütün ölkələri ilə münasibətlərinin qurulması üçün çox böyük əhəmiyyət kəsb edən mehriban dinlərarası münasibətlərə görə İlham Əliyevə ürəkdən təşəkkür etmişdir. Həmçinin o, dövlət başçısına Rus Pravoslav kilsəsi tərəfindən dərin təşəkkürünü və minnətdarlığını bildirmiş və teleqram oxumuşdur.
"Xeyirxah əməl sahibi olan hər kəsə eşq olsun. Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikasında dinlərarası sülhün və həmrəyliyin möhkəmlənməsinə sanballı töhfə verdiyinə görə Rus Pravoslav kilsəsinin "I dərəcəli Şöhrət və Şərəf" ordeni ilə təltif edilir" - teleqramda deyilir.
Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill ordeni Prezident İlham Əliyevə təqdim etmişdir.
Öz növbəsində Prezident İlham Əliyev zati-müqədəslərinə təşəkkürünü bildirərək bu cür yüksək ordenlə təltif edilməsinin onun üçün böyük şərəf olduğunu demişdir.
"Bu ordeni şəxsən sizin əlinizdən qəbul etmək mənim üçün ikiqat xoşdur. Sizi, Azərbaycanın bütün vətəndaşlarını, ölkəmizdə yaşayan bütün millətlərin və xalqların nümayəndələrini, bütün dinlərin nümayəndələrini əmin edə bilərəm ki, mən bundan sonra da öz fəaliyyətimdə ölkəmizdə millətlərarası, konfessiyalararası, dialoq işinə tövhə verməyə çalışacağam.Əminəm ki, ölkəmizdə bizim fəxr etdiyimiz dinc yanaşı yaşamaq ənənələri davam etdiriləcək, ölkəmizin bütün vətəndaşları sülh, qardaşlıq, dostluq şəraitində yaşayacaq və ümumi rifah naminə fəal işləyəcəklər. Sağ olun" - dövlət başçısı demişdir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Moskvanın və Bütün Rusiyanın patriarxı Kirilli salamlamışdır. Rus Pravoslav kilsəsinin başçısı Mehriban xanımı görməyə şad olduğunu demişdir. O, Azərbaycanın birinci xanımına gül dəstəsi və hədiyyə təqdim etmişdir.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin adından Moskvanın və Bütün Rusiyanın patriarxı Kirillin şərəfinə şam yeməyi verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev Moskvanın və bütün Rusiyanın Patriarxı Kirilli qəbul etmişdir
Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Moskvanın və Bütün Rusiyanın patriarxı Kirilli qəbul etmişdir.
