...

İslam Konfransı Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir – baş katib

Siyasət Materials 18 May 2010 13:31 (UTC +04:00)
İslam Konfransı Təşkilatı (İKT) Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına tərəfdardır.
İslam Konfransı Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir – baş katib

Tacikistan, Düşənbə, 18 may /Trend, xüsusi müxbir R.Mirzəbəyova/

İslam Konfransı Təşkilatı (İKT) Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına tərəfdardır. Bu barədə təşkilatın baş katibi Ekmələddin İhsanoğlu İKT XİN rəhbərlərinin 37-ci sessiyasının açılışında bəyan edib.

"İKT Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və münaqişənin [Dağlıq Qarabağ] sülh yolu ilə həllinə tərəfdardır", - İhsanoğlu giriş nitqində deyib.

Üç gün davam edəcək İKT XİN rəhbərlərinin 37-ci sessiyası çərşənbə axşamı Tacikistan paytaxtı Düşənbə şəhərində açılıb. Tədbirdə quruma üzv olan dövlətlərdən, müşahidəçi, beynəlxalq və regional ölkələrdən gəlmiş 80 nümayəndə heyəti iştirak edir.

Sessiyanın gündəliyinə daxil edilən əsas məsələlər arasında İsrail-Fələstin münaqişəsi, Yaxın Şərqin nüvə silahının olmadığı zonaya çevrilməsi, eləcə də İraq və Somalidəki vəziyyət daxildir.

Ötən il 36-cı sessiyaya rəhbərlik edən Suriyanın xarici işlər naziri Valid əl-Müəllim İKT üzvü olan bütün ölkələri Yaxın Şərqin nüvə silahından azad zonaya çevrilməsi təşəbbüsünü dəstəkləməyə, eləcə də üç ildən artıq bir dövrdə İsrailin humanitar blokadası altında olan Qəzza sektorundakı vəziyyətə diqqət yetirməyə çağırıb.

"Biz adi insan haqlarının pozulduğu Qəzzada baş verənlərə laqeyd qala bilmərik", - əl-Müəllim bildirib.

Suriyalı nazir eləcə də İsrailin nüvə obyektlərinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) tam nəzarəti altında olması üçün nüvə silahlarının yayılmamasına dair müqaviləyə qoşulması məsələsini də qaldırıb.

Xəbər lenti

Xəbər lenti