...

Bakıda atmosfer havasına normadan artıq zərərli qazlar buraxan sərnişin avtobusları ilin sonunadək istismardan çıxarılacaq

Siyasət Materials 26 May 2010 10:46 (UTC +04:00)
Bakı "Sərnişini-Nəqliyyat" MMC-nin mətbuat katibi Samir Həsənov çərşənbə axşamı Trend-ə bildirib ki, paytaxtda bəzi marşrut xətlərində istismara yararsız avtobuslar hələ də istifadədədir.
Bakıda atmosfer havasına normadan artıq zərərli qazlar buraxan sərnişin avtobusları ilin sonunadək istismardan çıxarılacaq

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda atmosfer havasına normadan artıq zərərli qazlar buraxan avtobusların ilin sonunadək istismardan çıxarılacağı nəzərdə tutulub.

Bakı "Sərnişini-Nəqliyyat" MMC-nin mətbuat katibi Samir Həsənov çərşənbə axşamı Trend-ə bildirib ki, paytaxtda bəzi marşrut xətlərində istismara yararsız avtobuslar hələ də istifadədədir.

Onun sözlərinə görə, sərnişin axını çox olduğundan, həmin avtobusların istismardan çıxarılması mümkün deyil.

Həsənov bildirib ki, istismara yararsız, atmosferə normadan artıq zəhərli qazlar buraxan avtobuslar, əsasən, Bakıətrafı kəndlərə işləyən marşrut xətlərindədir.

Qurumun rəsmisi bildirib ki, həmin avtobuslar "AVRO-2" standartlarına cavab verən yeni avtobuslarla əvəzlənir.

"Yaxın günlərdə Bakıya 500 belə avtobus gətirilib və onlardan 100-ə yaxını artıq istismara buraxılıb. Yeni avtobusların atmosferə buraxdığı tullantılar köhnə avtobuslardakından azdır. İlin sonunadək bütün xətlərdəki avtobuslar, tədricən, yeniləri ilə əvəzlənəcək", - mətbuat katibi deyib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə Trend-ə bildirib ki, atmosfer havasına normadan artıq zəhərli qazlar buraxan avtomobil sürücülərinə qarşı ciddi tədbirlər görülür.

O, bildirib ki, yaxın vaxtlarda respublikanın böyük şəhərlərində-Bakı, Sumqayıt və Gəncədə belə avtomobillərin müəyyən edilməsi üçün tədbirlər görülüb.

Nəticədə, Bakıda baxışdan keçən 2 000 nəqliyyat vasitəsindən 800-də, Gəncədə 500 avtomobildən 190-da, Sumqayıtda isə 600 avtomobildən 200-də havaya zəhərli qazların buraxıldığı müəyyən edilib.

Həmin avtomobillərin sürücüləri İnzibati Xətalar Məcəlləsinin 155.2.1-ci maddəsi ilə cəzalandırılaraq, 20 manatdan 30 manatadək cərimələniblər.

BDYPİ rəsmisi qeyd edib ki, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin sürücülük vəsiqələri alınıb.

"Barəsində inzibati protokol tərtib edilmiş sürücü avtomobilini texniki-təmir stansiyasında düzəltdirməli və müvafiq arayış təqdim etdikdən sonra, onun sürücülük vəsiqəsi özünə qaytarılır", - Əliyev vurğulayıb.

Şöbə rəisi belə avtomobillər arasında sərnişindaşımada istismara buraxılan nəqliyyat vasitələrinin də olduğunu bildirib.

Texniki baxışdan yayınan belə avtobus sürücüləri aşkar olunduğu halda, qanuna müvafiq olaraq cəzalandırılır və nəqliyyat vasitələri istismardan çıxarılır.

Azərbaycanda texniki baxışdan keçirilmə müddətləri

müəyyən edilib:

"VAZ" markalı avtomobillər üçün yanvarın 1-dən mayın 1-dək; "Qaz", "Moskviç", "ZAZ", "UAZ" və digər MDB istehsalı olan minik avtomobilləri üçün mayın 1-dən iyulun 1-dək;

yük avtomobilləri və avtobuslar üçün iyulun 1-dən sentyabrın 1-dək;

xarici dövlətlərdə (MDB dövlətləri istisna olmaqla) istehsal edilmiş minik avtomobilləri üçün sentyabrın 1-dən oktyabrın 31-dək.

Əliyev bildirib ki, sürücü ona verilmiş texniki baxış talonunda göstərilən dəlik vasitəsilə müəyyən edilmiş müddəti əsas götürərək, talonda qeyd olunan ayın sonunadək texniki baxışdan keçməlidir.

Xəbər lenti

Xəbər lenti