...

Azərbaycan Diplomatik Akademiyası Vaşinqtonda ikigünlük seminar keçirib (FOTO)

Siyasət Materials 10 İyun 2010 12:54 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyası ABŞ-ın Vaşinqton şəhərində "Fəlsəfə Doktorlarının İnkişafına Dəstək Proqramı" çərçivəsində ikigünlük seminar keçirib.
Azərbaycan Diplomatik Akademiyası Vaşinqtonda ikigünlük seminar keçirib (FOTO)

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Diplomatik Akademiyası ABŞ-ın Vaşinqton şəhərində "Fəlsəfə Doktorlarının İnkişafına Dəstək Proqramı" çərçivəsində ikigünlük seminar keçirib.

Seminarda ABŞ və Kanadanın aparıcı universitetlərində çalışan azərbaycanlı fəlsəfə doktorları və burada təhsil alan fəlsəfə doktorluğuna namizədlər iştirak ediblər. Elmi müzakirə və məruzələr iqtisadiyyat, maliyyə, siyasi elmlər, beynəlxalq münasibətlər kimi mövzular ətrafında aparılıb. Çıxış edənlər dünya neft bazarı, innovasiyalar, azad bazarda risklər, dini tolerantlıq və s. mövzular barədə öz elmi araşdırmalarını təqdim ediblər, - məlumatı cümə axşamı ADA-nın mətbuat xidməti yayıb.

Seminar Vaşinqtonun tarixi "Dumbarton House" villasında keçirilib. Seminarda, həmçinin, "Cons Hopkins" və "Corc Vaşhinqton" universitetləri, Atlantik Şurası, Vaşinqtonun aparıcı elm mərkəzlərinin mütəxəssisləri və professorları iştirak və çıxış ediblər. "Cons Hopkins" Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun sədri professor Frederik Star və Azərbaycan Respublikasının Los-Anceles şəhərində baş konsulu Elin Süleymanov arasında keçirilən debatda ABŞ və Azərbaycanın strateji əməkdaşlıq yolları və potensialları araşdırılmış və müzakirə edilmişdir.

Azərbaycan Diplomatik Akademiyası iki ildir ki, Fəlsəfə Doktorlarının İnkişafına Dəstək Proqramı təsis edib. Proqramın əsas məqsədi xaricdə fəlsəfə doktoru elmi dərəcəsi almış və doktorantura təhsili almaqda olan azərbaycanlı mütəxəssisləri vətənə cəlb etmək və eyni zamanda, bu mütəxəssislərin peşəkar inkişafına və karyera irəliləyişlərinə yardım etməkdir.

ADA tərəfindən maliyyələşdirilən bu proqram çərçivəsində qrantlar da ayrılır. Qrantlar iki istiqamətdə verilir - Azərbaycan haqqında elmi tədqiqatların aparılması və elmi məqalələrin çap olunmasına və azərbaycanlı fəlsəfə doktorlarının beynəlxalq elmi konfranslarda iştirakı və məruzə ilə çıxış etmələrinə. Vaşinqtonda keçirilən bu seminarda seçilən 8 azərbaycanlı münsiflər heyəti tərəfindən belə qrantlara layiq görülüb.

ADA xaricdə təhsil alan fəlsəfə doktorlarının illik seminarını bu il dekabr ayının 20-21-də Bakıda keçirməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti