...

Heydər Əliyev təkcə dövri problemləri həll etmədi, eyni zamanda, Azərbaycanın inkişaf edəcəyi yolu müəyyənləşdirdi - deputat

Siyasət Materials 15 İyun 2010 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir M.Əliyev/

15 iyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının bir millət, bir dövlət kimi gələcəyə vəsiqə almasını təmin edən hadisə idi. Bu barədə Trend-ə çərşənbə axşamı deputat Aydın Mirzəzadə bildirib.

"Heydər Əliyev xalqın istəyi ilə yenidən hakimiyyətə gəlməmişdən əvvəl Azərbaycan öz müstəqilliyini itirmək ərəfəsindəydi - vətəndaş müharibəsi artıq gündəlikdə idi, dövlətçiliyin hər hansı atributundan söhbət gedə bilməzdi, ölkənin inkişaf proqramı və xalqı birləşdirən bir ideya yox idi. Bunun fonunda isə Ermənistan Azərbaycan torpaqlarını işğal edə-edə gəlirdi. Heydər Əliyev müstəqillik dövründə təkcə dövrü problemləri həll etmədi, eyni zamanda, ölkənin inkişaf edəcəyi yolu müəyyənləşdirdi", - millət vəkili deyib.

Trend-in arayışı: 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yaranmışdı.

Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi.

Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

"Heydər Əliyev hakimiyyətə gəldi və 15 iyun tarixindən problemlər qismən həll olunmağa başlandı, vətəndaş müharibəsinin qarşısı alındı, ölkədə dövlət hakimiyyətinin effektliliyi artırıldı, Azərbaycan beynəlxalq aləmə çıxdı, ölkə daxilində bir-birinin ardınca siyasi, iqtisadi islahatlar həyata keçirildi və Dağlıq Qarabağ probleminin həllinə kompleks yanaşılmağa başlanıldı" - Mirzəzadə qeyd edib.

Millət vəkili hesab edir ki, ümummilli liderin ideyalarını davam etdirərək Azərbaycan bu gün də uğurlar qazanır.

Xəbər lenti

Xəbər lenti