RED. əlav.: üçüncü abzasdan sonra əlavə olunub
Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir S.Ağayeva/
Azərbaycanın Qırğızıstandakı səfirliyi Oşdan Vətənə dördüncü azərbaycanlı tələbəni göndərəcək.
Səfirlik Oş şəhərində olan daha bir Azərbaycan vətəndaşı ilə əlaqə yaradıb, bu şəxs Oş dövlət universitetinin sonuncu kurs tələbəsi Kərimov Sabir Məcid oğludur. Kərimovun valideynləri oğullarının olduğu yeri öyrənmək xahişi ilə səfirliyə müraciət ediblər və diplomatik missiya dərhal şəhər hakimiyyət orqanları ilə əlaqə yaradıb. Bu barədə Azərbaycanın Qırğızıstandakı səfirinin müşaviri İlqar Cabbarov Trend-ə məlumat verib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, Kərimov təhlükəsiz yerdədir və sabah səfirliyə təhvil veriləcək.
Qırğızıstanın Cəlalabad rayonundan Bişkəkə evakuasiya olunmuş 13 azərbaycanlı tələbənin üçü Azərbaycan vətəndaşdır, qalanları isə Gürcüstanın vətəndaşlarıdır. Bu barədə Trend-ə çərşənbə günü Azərbaycan XİN-in rəmsi təmsilçisi Elxan Poluxov bildirib.
Onun sözlərinə görə, tələbələr Bakı şəhər sakini Quliyev Kənan Cavid oğlu, Tovuz rayon sakini Həsənov Mehdixan Əli oğlu və Quba rayon sakini Kərimov Zeynəddin Nurəli oğludur. Onlar hazırda Azərbaycanın Bişkəkdəki səfirliyindədirlər və gələcəkdə Azərbaycana göndəriləcəklər.
"Bu gün onlardan biri artıq Bakıya göndərilib", - Azərbaycanın Qırğızıstandakı səfirinin müşaviri İlqar Cabbarov deyib.
İyunun 11-nə keçən gecə Qırğızıstanın cənub paytaxtı Oş şəhərində qırğızlarla özbəklər arasında qarşıdurma baş verib və daha sonra qonşu Cəlalabad vilayətində davam edib. Qarşıdurma iştirakçıları münaqişənin qızışmasında və zorakılığın tətbiq edilməsində bir-birilərini günahlandırırlar.
Qırğızıstan Təhsil Nazirliyinin mətbuat mərkəzindən verilən məlumata görə, iyunun 16-na olan nəticələrə əsasən, həlak olanların sayı 187-yə çatıb.
Qırğızıstanın Oş və Cəlalabad vilayətlərində 600-ə yaxın azərbaycanlı yaşayır.